fitso

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fitso özünün sosial şəbəkə hesabında məlumat verib.

“Bir sıra məsələlərdə fərqli mövqelərimiz olsa da, həm Slovakiya, həm də Ukrayna arasında dost münasibətlərin qorunmasında maraqlıyıq. Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlük ambisiyalarını dəstəkləyir. Biz istəyirik ki, qonşumuz olan Ukrayna sabit və demokratik ölkəyə çevrilsin”, – Slovakiya baş naziri yazıb.

Fitsonun sözlərinə görə, tərəflər İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində görüş keçirməyə və gələcəkdə də qarşılıqlı səfərlər vasitəsilə əlaqələri davam etdirməyə razılaşıblar.

“Eyni zamanda vurğuladım ki, Ukrayna tərəfinin razılığı olmadan Rusiya ilə sülh sazişinin imzalanması mümkün deyil”, – deyə Slovakiyanın baş naziri bildirib.

Zelenski qeyd edib ki, liderlər ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar və yaxın zamanda şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

“Mən Slovakiyanın baş nazirini Kiyevə səfərə dəvət etdim və ona Bratislavaya gəlmək üçün etdiyi dəvətə görə təşəkkür bildirdim. Həmçinin yaxın zamanda şəxsən görüşmək imkanını müzakirə etdik. Komandalarımız qrafik üzərində işləyəcək”, – deyə Ukrayna lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: