seferrrr

Xəbər verdiyimiz kimi, 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox diplomat Qarabağa gedib. İki gün davam edəcək səfər çərçivəsində qonaqlar Xankəndi, Xocalı, Şuşa və Laçında olaraq bölgədə aparılan bərpa, o cümlədən yenidənqurma işləri ilə yerində tanış olacaqlar.

Bu cür səfərlərin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Qarabağ ərazisinə diplomatik korpus nümayəndələrinin səfəri artıq ənənəvi hal alıb:

“Bu səfərlər həm simvolik, həm də praktiki baxımdan çoxqatlı mesajlar daşıyan diplomatik addımdır. Bu, Azərbaycan üçün təkcə yenidənqurma prosesinin nümayişi deyil, həm də post-münaqişə reallığının beynəlxalq səviyyədə qəbul etdirilməsi və legitimləşdirilməsi strategiyasının tərkib hissəsidir. Diplomatların iştirakı bu tədbirin sırf protokol xarakterli yox, daha çox siyasi kommunikasiya məqsədi daşıdığını göstərir. Birinci mühüm məqam odur ki, bu səfərlər Azərbaycanın nəzarət etdiyi ərazilərdə həyata keçirilən yenidənqurma və idarəetmə modelini birbaşa nümayiş etdirməyə imkan verir. Yəni məlumatların yalnız diplomatik bəyanatlar vasitəsilə deyil, fiziki reallıq üzərindən təqdim olunması təmin edilir”.

yusif bagirzade

Yusif Bağırzadə

Politoloq bildirib ki, digər vacib aspekt beynəlxalq legitimliklə bağlıdır:

“Münaqişədən sonrakı mərhələlərdə əsas məsələlərdən biri yeni status-kvonun qəbul etdirilməsidir. Bu, xüsusilə uzun müddət münaqişə ilə bağlı fərqli narrativlərin mövcud olduğu bir region üçün mühüm diplomatik kapitaldır. Daha bir mühüm element iqtisadi və investisiya perspektividir. Diplomatların yerində infrastruktur layihələri, sosial obyektlər və bərpa işləri ilə tanış olması gələcək investisiya maraqlarının formalaşmasına xidmət edir. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər üçün təhlükəsizlik, logistika və iqtisadi sabitlik barədə real təsəvvür yaranması potensial əməkdaşlıq imkanlarını artırır. Bu cür səfərlər yumşaq diplomatiya aləti kimi də çıxış edir və uzunmüddətli iqtisadi inteqrasiyanı təşviq edir”.

Yusif Bağırzadə əlavə edib ki, səfərin mühüm aspektlərindən biri də təhlükəsizlik və regional sabitlik mesajıdır:

Qarabağ kimi həssas bölgəyə çoxsaylı ölkələrin nümayəndələrinin birlikdə səfər etməsi, ərazidə təhlükəsizlik şəraitinin təmin olunduğunu göstərmək məqsədi daşıyır. Bu, həm daxili ictimai rəyə, həm də xarici tərəfdaşlara yönəlmiş mesajdır ki, regionda post-münaqişə idarəetməsi mərhələsi aktiv şəkildə davam edir. Eyni zamanda, bu cür səfərlər beynəlxalq rəqabət kontekstində də qiymətləndirilməlidir. Müxtəlif güc mərkəzləri, yəni istər Rusiya, istər ABŞ, istərsə də Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda təsir uğrunda müxtəlif səviyyələrdə maraq nümayiş etdirirlər. Diplomatik korpusun geniş iştirakı Azərbaycanın bu balans oyununda aktiv və təşəbbüskar tərəf olduğunu göstərir. Ümumilikdə isə bu səfərlərin beynəlxalq legitimliyin möhkəmləndirilməsinə, investisiya mühitinin təşviqinə, regionda yeni reallığın vizual və siyasi şəkildə təsdiqlənməsinə xidmət etdiyini deyə bilərik”.

Ləman İmran
Globalinfo.az

Paylaş: