2-3 gündür, vətəndaşların kartından gecə-gündüz demədən 60 qəpik silinir. Bir dəfə yox ha, bir neçə dəfə. Yəni gün ərzində ən azı 2-3 manat aralığında pul çıxılır.
“K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə məlumatına əsasən isə bildirilib ki, bu hallar sistemin tətbiq etdiyi gecikdirilmiş avtorizasiya prinsipi ilə əlaqədardır. Dediklərinə görə, bu mexanizmə görə ödənişlər bank kartlarından dərhal deyil, müəyyən vaxt intervalından sonra tutulur.
Hətta onu da deyiblər ki, bəzi istifadəçilərə ödənişlərin təkrarlanması kimi görünən hallar əslində fərqli günlərdə həyata keçirilmiş gedişlərin sonradan emal edilməsidir.
Ən vacib məqam isə çıxılmaların 24-27 aprel tarixlərində baş tutmuş səfərlərə aid olduğu vurğulanır.
Ona görə vacib məqam deyirəm ki, xatırladım ki, 21 aprel tarixində metro bir neçə saat nasazlıq səbəbi ilə çalışmadı. Globalinfo.az-ın sorğusuna cavab olaraq Bakı Metropolitenindən bildirilmişdi ki, bir gün ərzində təxminən 267 min 400 nəfər sərnişin itiriblər. Bu isə 160 min 440 manat itki deməkdir. Necə olur ki, çıxılmalar 21 aprelə kimi olmadı, o tarixdən sonra baş tutdu? Görünür, 21 apreldə dəymiş ziyanı “K Group” MMC (BakıKart), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC biz kasıb təbəqənin cibindən çıxarır.
P.S Hesablama Palatası ötən il “Bakı Metropoliteni” QSC-də süni qiymət artımı olduğunu deyəndə heç camaata həmin pul qaytarılmadı….
Zaira Akifqızı
Globalinfo.az