“Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq “söz yığını” heç bir formada hüquqi sənəd adlana bilməz. Çünki özlüyündə bu “siyasi şantaj” hüquqa, beynəlxalq hüququn bir neçə fundamental prinsipinə və dövlətlərarası münasibətləri tənzimləyən sənədlərə birbaşa zidd mahiyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Avropa Parlamenti BMT Nizamnaməsinə, 1970-ci il Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməyə, Helsinki Yekun Aktının maddələrinə, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq sazişlərinə və beynəlxalq müqavilələr hüququna daban-dabana zidd mövqe ortaya qoyur:
“Əgər Avropa Parlamentini qətnamənin adında olduğu kimi “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” maraqlandırırsa, ilk növbədə regionda postmünaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləməlidir. Amma əvəzində açıq qarşıdurma mövqeyi sərgilənir, Ermənistan revanşa təşviq edilir.
İki il yarımdan çoxdur ki, Azərbaycan-Ermənistan sərhədində atəş səsi gəlmir, de-fakto sülhdür. Siz hansı sabitlik pozuntusundan danışırsınız? Bu bölgədə sabitliyi pozmağa cəhd edən bir tərəf varsa, o da fiaskoya məhkum səyləri ilə Avropa Parlamenti və əlaqəli qurumlardır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın öz dili ilə Qarabağ gündəmindən imtina etdiyi bir şəraitdə Avroparlament “Dağlıq Qarabağ ermənilərinin maneəsiz və ləyaqətli şəkildə geri qayıtması” barədə çağırış edir.
Birincisi, dünyada “Dağlıq Qarabağ” adlı subyekt yoxdur.
İkincisi, Azərbaycanın Qarabağda dinc və qanuni əsaslarla yaşamış ermənilərlə bağlı problemi yoxdur və olmayıb da.
Bizdə Qərbi və Şərqi Zəngəzurdan, o cümlədən Qarabağdan olan soydaşlarımızın qovularkən məruz qaldığı zorakılıqların tam əksinə olaraq, ölkədən getmək istəyən erməni əsilli sakinlərin təhlükəsizliyini təmin etmişik və reinteqrasiyaya hazır olduğumuzu bildirərək onların ləyaqətli köçünə imkan yaratmışıq. Bu, azadlıq hüququnun təməl əsaslarından biridir. Biz nə etməli idik? Könüllü surətdə getmək istəyəni Qarabağa buxovlamalı idikmi?
Yaxşı, sən 5-10 min erməninin könüllü köçündən danışırsan, bəs 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün taleyi bu günə qədər Avropa Parlamentinin gündəmində olubmu? Təbii ki, yox. Çünki Avropa Parlamenti selektivlik üzərində qurulmuş siyasi çirkab alətidir və belə bir qurumun indi “ədalət” dərsi keçməyə mənəvi haqqı yoxdur.
Safura Bənnayeva
Globalinfo.az