ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Ukraynanın hərbi cəhətdən məğlub olduğunu bildirib.
O, Qərb mediasının müharibə ilə bağlı məlumatları təhrif etdiyini söyləyib.Trampın açıqlaması Ukraynanın məğlubiyyətinin anonsu kimi dəyərləndirilib və Avropada rezonans doğurub.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-ın Rusiya-Ukrayna savaşı ilə bağlı mövqeyi dəyişib:
“Vaşinqtonun ortaya qoyduğu mövqe açıq-aşkar Moskvaya sərf edir. ABŞ Avropadan fərqli olaraq hətta bu proses Ukraynanın məğlubiyyəti ilə nəticələnsə belə, müharibənin bitməsini istəyir. Həmçinin ABŞ Rusiya ilə münasibətlərin pisləşməsini istəmir. Bunun bir neçə səbəbi var.
Birincisi, Vaşiqton müharibə başa çatdıqdan sonra Ukraynaya investisiya qoymaq niyyətindədir.
İkincisi, ABŞ Çin və İranla münasibətlərin tənzimlənməsi üçün Rusiyanın mümkün imkan və vasitəçiliyindən istifadə etmək barədə düşünür.

Kənan Novruzov
Üçüncüsü, ABŞ Rusiya ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Bütün bunları nəzərə alsaq, Trampın bəyanatı təəccüblü deyil.
Vaşinqton anlayır ki, Rusiya strataji baxımdan məğlub olsa, fərqli regionlardakı, o cümlədən Cənubi Qafqazdakı mövqelərini itirsə də, taktiki baxımdan qalibdir. Ona görə də belə fikirlər səsləndirir. ABŞ yaxın gələcəkdə müharibənin bitməsi üçün əlindən gələni edəcək. Onu nə Ukrayna, nə Rusiyanın taleyi maraqlandırır”.
Turan Rzayev
Globalinfo.az