Fidan 900x506 1

“Geosiyasi reallıqlar faktiki olaraq Türkiyə ilə Avropa İttifaqını əməkdaşlığa məcbur edir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanada avstriyalı həmkarı Beate Maynl-Rayzingerlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Ukrayna ətrafında baş verən hadisələr, Yaxın Şərqdəki gərginlik, Hörmüz boğazındakı vəziyyət, həmçinin müdafiə və ticarət məsələləri tərəflər arasında əməkdaşlığı zəruri edir.

Fidanın sözlərinə görə, Türkiyənin strateji əhəmiyyətinə baxmayaraq əsas maneə Aİ daxilində siyasi qərarın olmamasıdır.

“Sarkozi bu məsələyə 2007-ci ildə son qoydu. Ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərimiz çox yaxşıdır, lakin bütövlükdə Aİ ilə vəziyyət fərqlidir. Əməkdaşlıq üçün böyük potensial var və sadəcə hərəkətə keçmək lazımdır”, – deyə o vurğulayıb.

Fidan əlavə edib ki, Türkiyə xüsusi şərtlər istəmir və üzvlük üçün bütün meyarlara əməl etməyə hazırdır. Bununla yanaşı, o, Aİ daxilində qərarların konsensus əsasında qəbul edildiyini və bir ölkənin belə prosesi bloklaya bildiyini deyərək, mövcud vəziyyətin Türkiyəni müəyyən mənada daxili siyasətin girovuna çevirdiyini diqqətə çatdırıb.

Nazir hazırda Ankaranın əsas diqqətinin üzvlükdən çox praktiki əməkdaşlığa yönəldiyini bildirib. Bu çərçivədə gömrük ittifaqı sazişinin yenilənməsi və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunur. Onun sözlərinə görə, Türkiyə ilə arasında ticarət dövriyyəsi 500 milyard dollara çata bilər, lakin siyasi maneələr bu potensialın reallaşmasına imkan vermir.

Sonda Fidan mövcud məhdudiyyətlərin aradan qalxacağına ümid etdiyini bildirib və iqtisadi, həmçinin strateji əməkdaşlığın dərinləşdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: