1726651844 5

Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında inteqrasiya prosesi yeni mərhələyə qədəm qoyur. Son müzakirələr göstərir ki, Kiyevin Aİ-yə üzvlüyü istiqamətində ilk rəsmi danışıqların başlanması üçün siyasi zəmin getdikcə formalaşır. Bu isə Ukraynanın uzunmüddətli strateji hədəfi olan Avropa İttifaqına inteqrasiya yolunda mühüm irəliləyiş kimi qiymətləndirilir.

Rəsmi qərarlarla bağlı konkret tarix hələ müəyyən olunmasa da, daxilində genişlənmə prosesinin yenidən canlandırılması Ukraynanın üzvlük perspektivini daha real müstəviyə daşıyır.

Beləliklə Ukrayna Avropa İttifaqına rəsmi üzv qəbul edilir?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, bu məsələ Rusiyanın Ukraynaya müdaxiləsindən sonrakı 4 il müddətində daha da aktivləşib:

“Doğrudur, Ukrayna 2022-ci ildən Aİ-yə namizədlik statusu alıb, lakin tam üzvlüyü o qədər də real görünmür. Əvvəllər Ukraynanın NATO-ya üzvlüyü ölkənin qarşısında duran əsas prioritet məsələlərdən biri idi. Lakin Rusiyanın hücumlarından sonra artıq bu məsələ gündəmdən çıxıb. İndi də Avropa İttifaqı ətrafında bu cür müzakirələr gedir. Moskva buna mane olmağa çalışacaq.

İndiki şəraitdə Rusiya və ABŞ arasında yaxınlaşma müşahidə olunur. Üstəlik, İrana qarşı müharibənin başlamasından sonra Ukrayna müharibəsi bir qədər arxa plana keçib. Belə bir şəraitdə təbii ki, ABŞ Rusiyayla münasibətləri kəskinləşdirmək istəməz. Eyni zamanda, Avropanın bəzi ölkələrinin liderləri İran məsələsini daha çox qabardırlar. Belə bir vəziyyətdə Ukraynanın üzvlüyünün təmin edilməsi inandırıcı görünmür.

Cavansir 675x900 1
Cavanşir Abbaslı

Ümumiyyətlə, Avropa İttifaqına daxil olan hansı ölkə ətrafında belə münaqişələr yaşanır? Bu sualın cavabına baxdıqda elə bir ölkənin olmadığını görürük. Həmçinin 60 ildən çoxdur ki, Türkiyə kimi Aİ-yə üzv olmağa hərtərəfli haqqı olan bir ölkəyə “yaşıl işıq” yandırılmırsa, Ukrayna kimi müharibənin içində olan bir ölkənin üzvlüyü necə mümkün görünə bilər?

Ona görə də hesab edirəm ki, Ukraynanın üzvlüyü məsələsini əngəlləyən əsas faktor hazırda işğal vəziyyətidir. Digər bir amil isə Ukraynaya dost deyib, əslində arxa planda ona mane olmağa çalışan ölkələrdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: