dunya nizami

Yaxın Şərqdə baş verən son hadisələr qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin sözlərinə görə, yaranan böhran göstərir ki, yanacaqdan asılılığı azaltmaq üçün modernləşmə, yaşıl enerjiyə keçid və iqtisadiyyatın elektrikləşdirilməsi vacibdir. Hörmüz boğazının bağlanması isə dünyanı ciddi enerji problemləri ilə üz-üzə qoya bilər.

İran müharibəsi dünya ölkələrinin enerji siyasətinə necə təsir edəcək?

Globalinfo.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, Avropa Komissiyasının rəhbəri açıqlamasında doğru məqamlara toxunub:

“Təbii resurslara malik olmayan və enerji idxalından asılı ölkələr üçün əsas çıxış yolu alternativ enerji mənbələrinin inkişafını sürətləndirməkdir. Günəş və külək enerjisinin elektrikə çevrilməsi bu ölkələrə həm daxili enerji tələbatını ödəməyə, həm də iqtisadi inkişafı stimullaşdırmağa imkan verir. Modernləşmə isə enerjidən daha səmərəli istifadəni, enerji tutumlu layihə və texnologiyalardan, o cümlədən məişətdə bu tip qurğulardan mərhələli şəkildə imtinanı nəzərdə tutur”.

ilham saban

İlham Şaban

Ekspert bildirib ki, bu yanaşma nəticəsində yaşıl enerji hesabına enerji tələbatını qarşılamaq mümkün olur:

“Ümumilikdə bu baxışlar əsaslıdır. Lakin nəzərə almaq lazımdır ki, alternativ enerji mənbələri sabit deyil. Günəş və külək enerjisi fasilələrlə əldə olunduğu üçün onların davamlılığını təmin etmək məqsədilə ənənəvi enerji resurslarından da istifadə zəruridir. İran ətrafında gərginliyin artması enerji bazarlarında riskləri yüksəldərək ölkələri daha dayanıqlı və şaxələndirilmiş enerji siyasəti yürütməyə vadar edəcək. Xüsusilə Hörmüz boğazı kimi kritik marşrutların risk altında olması alternativ təchizat xətləri, strateji ehtiyatların artırılması və bərpa olunan enerjiyə keçidi sürətləndirəcək”.

Ləman İmran
Globalinfo.az

Paylaş: