Bakıda hipermarketdə həyata keçirilən silahlı basqın, daha sonra paytaxtın mərkəzi küçəsində cinayətkarlara qarşı əməliyyat zamanı atışma səslərinin gəlməsi ictimaiyyətdə müəyyən təşvişə səbəb olub. Baş verən olay xüsusən təhlükəsizliyin təmin edilməsi məsələsində müəyyən suallar doğurub.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert Rəşad Rza bildirib ki, insanlar öz təhlükəsizliklərinə yetərincə diqqət etmirlər:
“Dövlətə, polisə güvənirik, onların bizi qoruyacaqlarını bilirik. Ona görə də bizə elə gəlir ki, olduğumuz yerlərdə heç bir təhlükə, iğtişaş, terror ola bilməz. Biz bu güvəni ümumi sistemdə görürük. Digər tərəfdən də Azərbaycanda nadir hallarda terror hadisəsi olur.
Dünyada terror hadisələri tez-tez baş verdiyi üçün davamlı olaraq ticarət mərkəzləri, ictimai yerlər ciddi şəkildə qorunur. Giriş-çıxışda mühafizəçilər, xüsusi qurğular olur ki, oradan keçərkən üzərində partlayıcı, kəsici, deşici silah daşıyan şəxsə qarşı dərhal tədbir görülsün”.
Rəşad Rza
Ekspert deyib ki, Azərbaycanda da belə bir sistem tətbiq etmək lazımdır:
“Ticarət mərkəzlərində alıcıların, qonaqların rahatlığına müvəqqəti narahatlıq yaratsa da, buna məcburuq. Bu yolla belə cinayətlərin qarşısını müəyyən dərəcədə ala bilərik. Ona görə də bu cür mühafizə mexanizmi Azərbaycanda da tətbiq olunmalıdır”.
Deputat Fazil Mustafa isə bildirib ki, Azərbaycan dövlətini qoruyan mexanizmlər kifayət qədər həssas və aktiv fəaliyyət göstərirlər:
“Törədilən təxribatların qarşısının alınması və cinayətkarların dərhal aşkara çıxarılmasında polisin əhəmiyyətli rolu var. Hesab edirəm ki, hipermarketdə baş verən hadisə ciddi araşdırılmalı, kənar təsirlərin olub-olmaması müəyyən edilməli və qısa müddət ərzində ictimaiyyətə məlumat verilməlidir”.
Fazil Mustafa
F.Mustafa cinayətkarların zərərsizləşdirilməsində xidməti olan polislərin mükafatlandırılmasını təklif edib:
“Belə addım polislərimizə stimul verə bilər. Ümumiyyətlə, polislərimizə güvənmək lazımdır. Razıyam, müəyyən neqativ hallar olur, bu, hər sahədə, hətta böyük təşkilatlarda da var. Amma ümumi olaraq Azərbaycanda təhlükəsizliyin təmini istiqamətində polisin göstərdiyi fəaliyyət təqdirəlayiqdir.
Bu istiqamətdə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi işi çox yüksək səviyyədə qurub. Belə hallara qarşı operativ mübarizə aparılması vətəndaşlarda xeyli rahatlıq yaradır və ölkənin təhlükəsizliyi baxımdan güvəni artırır”.
Zaira Akifqızı
Globalinfo.az














