bina qaraj

Bakıda çoxmərtəbəli binaların sayı kifayət qədərdir. Bu binaların zirzəmiləri isə əsasən qaraj kimi istifadə olunur. Lakin problem ondadır ki, həmin qarajlar çox vaxt ayrıca və yüksək qiymətə satışa çıxarılır. Hətta bəzi hallarda bir qarajın qiyməti 30-40 min manata qədər yüksəlir. Bu isə bina sakinləri arasında narazılığa səbəb olur.

Bəs qanunvericiliyə görə, binanın tərkib hissəsi sayılan qarajların ayrıca və baha qiymətə satılması nə dərəcədə doğrudur?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, 2019-cu ildə tikinti sahəsində səlahiyyətlər icra hakimiyyətlərindən alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi və bu dövrdə tikinti qaydalarında da müəyyən dəyişikliklər edildi:

“Yeni qaydalara əsasən, qaraj sahələrinin tikintisi ilə bağlı yanaşma dəyişdi. Layihələndirmə zamanı parklanma problemlərinin aradan qaldırılması, məhəllədaxili ərazilərdə, yol kənarlarında, piyada səkilərində və hərəkət zolaqlarında maneələrin qarşısının alınması məqsədilə çoxmərtəbəli qarajların tikintisi təşviq olundu. Qərarda göstərilirdi ki, bir mərtəbədən artıq qaraj sahəsi nəzərdə tutan tikinti şirkətləri rüsumdan azad olunsun. Yəni hətta bu sahədə fəaliyyət göstərən tikinti şirkətlərinə müəyyən güzəştlər, o cümlədən dövlət rüsumlarından azadolma kimi stimullaşdırıcı addımlar tətbiq edildi. Nəticədə qaraj sahələrinin tikintisi xeyli artdı.

ramil osmanli yeni

Ramil Osmanlı

Əgər binanın layihələndirilməsi zamanı zirzəmi sahəsi qaraj kimi nəzərdə tutulubsa, bu halda həmin sahə sahibkarın xüsusi mülkiyyəti sayılır və o, bu ərazini istədiyi kimi istifadə edə bilər. Adam istəsə sata, istərsə icarəyə verə, istərsə də istifadəsiz saxlayar. Lakin əgər həmin sahə texniki mərtəbə kimi layihələndirilibsə, bu zaman Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, o, ümumi istifadədə olan sahə hesab olunur və ayrı-ayrı şəxslərə satıla bilməz”.

Ekspert əlavə edib ki, son illərdə inşa olunan binalarda texniki mərtəbələr əsasən binanın yuxarı hissəsində, yəni mansard qatlarda və ya ayrıca texniki otaqlar şəklində nəzərdə tutulur:

“Bu baxımdan qaraj sahələrinin qiymətini sahibkar müəyyən edir. Tələb yüksək olduğu üçün sahibkarlar qiymətləri sərbəst şəkildə formalaşdırırlar. Hazırda 30-40 min, hətta 50 min manata qaraj satanlar var. Nəzərə alsaq ki, bəzi mənzillərin qiyməti yüz minlərlə manat, hətta milyon səviyyəsindədir, bu halda əlavə olaraq qaraj üçün ödəniş etmək bir çox alıcı üçün ciddi problem sayılmır. Əksinə, bu, onların rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi daşıyır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: