Nizami Kino Mərkəzinin divarlarına yazılar yazılması və boyanması ictimai narazılıqla qarşılanıb.
Hadisəni törədən şəxslər – 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi artıq saxlanılıb. Mərkəzin fasadı bərpa edilsə də, gənclərin əməli ictimaiyyətdə narazılıqla qarşılanıb.
Globalinfo.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sahib Alıyev deyib ki, Azərbaycanda heç kim küçə sənətinin əleyhinə deyil:
“Məsələn, İçərişəhərdə Əli Şəmsinin emalatxanasının ətrafında, Yarat Müasir İncəsənət Mərkəzinin ətrafında, Ağ şəhərdə, Yeni Yasamalda, Nərimanov rayonu ərazisində bu cür gözəl örnəklər var.
Sahib Alıyev
Amma biz Nizami Kino Mərkəzinin divarlarında yazılanları bu cür qiymətləndirə bilmərik. Ona görə də oxşar halları, yəni vandallığı qətiyyətlə pisləyirəm. Əminəm ki, bunu edənlər layiq olduqları cəzanı alacaqlar”.
Tanınmış memar və professor Cahid Həsənov da bildirib ki, böyük şəhərlərdə, xüsusilə Bakı kimi bütün dünyanın diqqətini çəkən yerdə “küçə rəssamlığı”nın sərbəst tətbiqi məqsədəuyğun deyil:
“Bu şəhərin memarlıq və şəhərsalma standartları var. Şəhərin estetik tərtibat forması və qaydaları mövcuddur və bütün dünya ölkələrində belə təcrübələr var.
Cahid Həsənov
Küçə rəssamlığı bəzi idman obyektləri və ya ara sahələrdə edilə bilər, insanlar orada müəyyən sərbəstliklə rəsm əsərlərini nümayiş etdirə bilərlər. Lakin ictimai binaların, milli üslubda olan inzibati və ya yaşayış binalarının fasadında belə fəaliyyət yolverilməzdir”.
Professor xatırladıb ki, belə hallara görə qanuni məsuliyyət mövcuddur və cərimələr tətbiq edilə bilər:
“Əgər kimsə bu qaydanı pozarsa, qanun çərçivəsində məsuliyyət daşıyacaq. Bu, həm şəhərin estetik görünüşünü qorumaq, həm də tarixi və milli üslubda binaların üzərinə icazəsiz müdaxilənin qarşısını almaq üçündür”.
Zaira Akifqızı
Globalinfo.az