nuv%C9%99 silahi 1jpg 1666610515

ABŞ-ın İranla qarşıdurma fonunda nəzərdən keçirdiyi mümkün ssenarilərdən biri də ölkədəki zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi və xaricə çıxarılması ilə bağlı xüsusi əməliyyatdır.

Globalinfo.az xəbər verir ki, bu barədə bir sıra beynəlxalq mənbələrdə məlumatlar dərc olunub.

Məsələ ilə bağlı tanınmış ekspertlər bildirirlər ki, belə bir əməliyyat həm misilsiz dərəcədə mürəkkəb, həm də son dərəcə riskli olacaq. Onların fikrincə, proses uzunmüddətli ola və ciddi radiasiya, eləcə də kimyəvi təhlükələrlə müşayiət edilə bilər.

ABŞ prezidenti Co Bayden dövründə ordu naziri vəzifəsində çalışmış Kristine E. Wormuth bildirib ki, İranın nüvə materiallarının yerüstü qüvvələr tərəfindən təhlükəsizliyinin təmin olunması “ən yüksək risk səviyyəli əməliyyat” hesab olunur.

Beynəlxalq Atom Enerjisi Agentliyi məlumatına görə, İranın 60 faizədək zənginləşdirilmiş 440,9 kiloqram uranı var. Texniki baxımdan bu göstərici 90 faizlik (silah səviyyəsinə çatmaq üçün son mərhələ – red) çox yaxındır.

Agentliyin baş direktoru Rafael Qrossi daha əvvəl bildirib ki, bu həcmdə material Tehranın qərar verəcəyi halda 10-a qədər nüvə başlığı hazırlamaq üçün kifayət edə bilər. Ancaq bu, İranın artıq hazır nüvə silahına sahib olması demək deyil.

Məlumata görə, yüksək zənginləşdirilmiş uranın təxminən 200 kiloqramı İsfahan yaxınlığındakı yeraltı tunellərdə saxlanılır. Digər ehtiyatların isə Natanz və Fordo obyektlərində yerləşdiyi ehtimal olunur.

Ekspertlərin sözlərinə görə, uran xüsusi konteynerlərdə, hər biri təxminən 50 kiloqram çəkidə olan balonlarda saxlanılır və qaz halında heksaflorid formasındadır.

Nüvə silahları üzrə keçmiş müfəttiş və analitik David Albright qeyd edir ki, bu konteynerlər kifayət qədər möhkəm olsa da, zədələndikdə ciddi təhlükə yaradır. Belə ki, nəm ilə təmas zamanı yüksək zəhərli flüor qazı ayrılır və bu, insan sağlamlığı üçün ağır nəticələrə səbəb ola bilər.

Ekspertlər həmçinin bildirirlər ki, daşınma zamanı konteynerlər arasında xüsusi məsafə qorunmalıdır. Əks halda, nəzarətsiz zəncirvari reaksiya riski yarana bilər ki, bu da radiasiya sızması ilə nəticələnər.

Kristine Wormuthun sözlərinə görə, təkcə İsfahan bölgəsində belə bir əməliyyat aparmaq üçün azı 1000 hərbçi tələb oluna bilər. Yeraltı tunellərin girişlərinin dağıntılar altında qalacağı ehtimalı səbəbindən ağır mühəndis texnikasının cəlb edilməsi qaçılmazdır. O qeyd edib ki, əməliyyat zamanı xüsusi təyinatlı qüvvələr texniki mütəxəssislərlə koordinasiyalı şəkildə fəaliyyət göstərməli, eyni zamanda mümkün hücumlara qarşı ətraf ərazini nəzarətdə saxlamalıdır.

Beləliklə, ekspertlərin ümumi qənaətinə görə, İranın nüvə materiallarının ələ keçirilməsi ilə bağlı mümkün əməliyyat hərbi, texniki və təhlükəsizlik baxımından son dərəcə mürəkkəb və riskli ssenari kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: