Dövlət qulluğu sistemi ilə bağlı hazırlanan yeni layihə əməkhaqqı mexanizmində dəyişiklikləri nəzərdə tutur. Belə ki, dövlət qulluqçularına ödənilən bir sıra əlavələr ləğv edilərək onların vəzifə maaşlarının baza hissəsinə daxil edilir. Sözügedən layihənin əməkhaqqı sisteminin daha sadə və şəffaf olmasına xidmət edəcəyi gözlənilir.
Globalinfo.az-a danışan “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın üzvü Sahib Məmmədov deyib ki, indiyədək qüvvədə olan qanuna görə, dövlət qulluqçularının maaşı əməkhaqqı və mükafatlardan ibarət idi:
“Əlavələr müxtəlif növlərdə – staja, dövlət səlahiyyətlərinə görə olurdu. Yeni qanunla isə sabit əməkhaqqı modelinə keçid baş verdi ki, bu da geniş beynəlxalq təcrübəyə uyğun bir islahatdır. Gürcüstan və digər Cənubi Qafqaz ölkələrində, həmçinin Şərqi və Qərbi Avropa, Cənub və Şərqi Asiya ölkələrində belə modellər tətbiq olunur. Vahid stabil əməkhaqqı aylıq, illik, bəzi ölkələrdə isə həftəlik müəyyən edilir. Məsələn, Avstraliyada həftəlik ödəniş sistemi var”.
Sahib Məmmədov
Komitə sədri bildirib ki, bu dəyişiklik bir neçə üstünlük yaradır:
“Yeni işə qəbul olunan, stajı olmayan dövlət qulluqçularının da əməkhaqqı artacaq. Dövlət qulluqçuları vəzifə funksiyalarını yerinə yetirərkən sabit əməkhaqqı alacaqlar, bu isə korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayır. Maliyyə orqanları dövlət büdcəsini hazırlayarkən əməkhaqqı üçün tələb olunan vəsaiti əvvəlcədən proqnozlaşdıra biləcək, idarəetmə sistemi daha şəffaf və proqnozlaşdırıla bilən olacaq. Fikrimcə, bu islahat həm dövlət qulluqçularının, həm də idarəetmə sisteminin faydasına olan müsbət dəyişiklikdir. Bəzən narahatçılıq yaranır ki, kiminsə maaşı azala bilər, amma sabit və vahid əməkhaqqı həm qısa, həm də uzunmüddətli perspektivdə dövlət qulluqçularına sərfəlidir. Ümumilikdə, bu islahat dövlət idarəetmə sistemində aparılan struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi həyata keçirilir”.
Ləman İmran
Globalinfo.az