Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləri ilə görüşməsi sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb oldu. Bəziləri görüşü müsbət qiymətləndirsə də, baş verən təması Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlayanlar da oldu.
Maraqlıdır, Azərbaycanın Qarabağ erməniləri ilə təmas qurması sülh sazişinin imzalanacağına işarədir? Prosesdə Rusiya hansı mövqedədir? Moskva sülhün əldə olunmasında maraqlıdır? Qərbin bu prosesə münasibəti necədir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlqar Vəlizadə deyib ki, erməni sakinlərin təmsilçiləri ilə görüşün keçirilməsi sülh prosesinin bir hissəsidir:
“Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra 10 noyabr Bəyanatı imzalandı və bu sülh prosesi baxımdan ilk addım oldu. Daha sonra keçirilən üçtərəfli görüşlər, əldə edilən razılaşmalar, hətta ortaq məxrəcə gəlinə bilməyən məsələlər belə öz növbəsində sülh prosesinin bir hissəsidir.
Son zamanlar separatçılara açıq şəkildə dəstək verən qüvvələrin “fəaliyyəti” nəticəsində erməni sakinlərlə təmasların qurulması mümkün olmurdu. Bunun nəticəsidir ki, separatçı rejimin ləğvi, kommunikasiyaların açılması, terrorçuların tərksilah edilməsi kimi Bakının tələbləri açıq şəkildə bloklanırdı.
İlqar Vəlizadə
Lakin erməni əsilli milyarder Ruben Vardanyanın separatçıların “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılması proseslərdə domino effekti yaratdı. Məhz bu hadisədən qısa bir zaman sonra Milli Məclisin deputatı Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləri ilə görüşməsi heç də təsadüfi deyil.
Prosesi bu baxımdan müsbət hesab edirəm. Mümkündür ki, yaxın aylar ərzində bənzər görüşlər yenidən keçirilsin. Hətta verilən məlumatlara istinad etsək demək olar ki, bu görüşlər Gəncə, Bakı kimi şəhərlərdə keçirilə bilər”.
Politoloq Azərbaycan nümayəndələrinin erməni sakinlərin təmsilçiləri ilə görüşdə Rusiya sülhməramlılarının iştirak etməsinə münasibət bildirib:
“Hesab edirəm, burada təəccüblü bir şey yoxdur. Əslində, bu görüş Rusiya sülhməramlılarının iştirakı ilə çox öncədən keçirilməli idi. Prinsip etibarilə sülhməramlıların əsas vəzifəsi tərəflər arasında təhlükəsizliyi təmin etmək və erməni əhalinin Azərbaycana inteqrasiyası üçün bu tipli görüşlərin təşkilini həyata keçirməkdir.
Sülhməramlıların görüşdə iştirak etməsi o demək deyil ki, onlar vasitəçidirlər. Prinsip etibarilə Rusiya sülhməramlılarının vasitəçi kimi bir missiyası yoxdur. Onların görüşdə iştirak etməsi tamamilə təhlükəsizlik tədbiri ilə əlaqədar idi.
Sülhməramlılar bu günə qədər mandatlarına uyğun olmayan bir çox “işlər” görüblər. Misal üçün, separatçılara məktəb, yataqxana, mənzil tikmək, humanitar yardımlar etmək və s. Bütün bunlar onların mandatlarına uyğun deyil. Onların əsas vəzifəsi inteqrasiya prosesi müddətində təhlükəsizliyi təmin edib ehtimal gərginliyin qarşını almaqdır. Lakin biz bu müddət ərzində onların bütün bunları etmədiyi kimi separatçıların silahlanmasına şərait yaradıb vaxtaşırı gərginliyi artırmalarına göz yumduğunun şahidi olduq. Gec də olsa hazırda sülhməramlıların mandatlarına uyğun davrandığını görmək sevindiricidir. Proses bu tempdə davam etsə, real nəticələr əldə edilə bilər”.
İ.Vəlizadə Qərbin proseslərə münasibətini dəyərləndirib:
“Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görüşdən dərhal sonra Tviter hesabında “Bugünkü Xocalı görüşü ümidvericidir” deyə paylaşım etdi.
“Bu gün Xocalıdan Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında təmaslar barədə ümidverici xəbərlər gəlib. Müzakirələrin həm aktual məsələlərə, həm də daha geniş məsələlərə yönəldilməsi yaxşı haldır”.
Göründüyü kimi, Klaarın paylaşımından belə nəticəyə gələ bilərik ki, Qərb proseslərdən narazı deyil. Lakin bununla belə biz Qərbin ermənilərə dəstək verdiyinin, vaxtaşırı onların hüquqlarından danışdığının da şahidi oluruq. Bu isə həm də status məsələsinin gündəmə gəlməsi deməkdir. Digər tərəfdən Qərb Ermənistanın mövqeyini də dəstəkləyir. Hər halda Qərbin proseslərdə mövqeyinin nə dərəcədə səmimi olduğunu yaxın müddət ərzində daha aydın şəkildə görə bilərik”.
Turan Rzayev
Globalinfo.az














