WhatsApp Image 2026 03 06 at 10.51.21

İranİsrail, eləcə də RusiyaUkrayna müharibəsi fonunda gündəmə gələn məsələlərdən biri də süni intellektin savaşlarda istifadəsidir. Bildirilir ki, yaxın gələcəkdə süni intellekt vasitəsilə daha güclü və dəhşətli bombalar yaradıla bilər.

Bu barədə Globalinfo.az-a danışan süni intellekt mühəndisi Dilarə Zamanova deyib ki, əslində məsələ düşündüyümüz qədər sadə deyil.

“Gəlin bunu bir neçə sual ətrafında cavablandıraq:

Süni intellekt silah düzəldirmi?

Xeyr, süni intellekt özü silah hazırlayan texnologiya deyil. O, sadəcə məlumatı analiz edən və qərar verməyə kömək edən alətdir. Yəni süni intellekt laboratoriyada bomba istehsal edən bir sistem kimi işləmir.

Amma o, bəzi sahələrdə dolayı şəkildə istifadə oluna bilər. Məsələn, böyük məlumatların analizində, hərbi strategiyaların planlaşdırılmasında, raketlərin hədəf dəqiqliyinin artırılmasında və s.

Bu səbəbdən süni intellekt müasir ordular üçün vacib texnologiyaya çevrilir.

Bəs daha güclü bombalar yaratmaq mümkündürmü?

Hazırda dünyanın ən güclü silahları – xüsusilə nüvə silahları – artıq onilliklər əvvəl hazırlanmış texnologiyalara əsaslanır. Bu sahədə əsas biliklər və texnologiyalar uzun müddətdir mövcuddur.

Süni intellekt bu sahədə birbaşa yeni tip bomba yaratmır, daha çox mövcud texnologiyaların simulyasiyasını aparmaq, təhlükəsizlik analizini etmək, material tədqiqatını sürətləndirmək kimi işlərdə istifadə oluna bilər. Yəni süni intellekt daha çox hesablama və analiz aləti rolunu oynayır”.

WhatsApp Image 2026 03 06 at 10.38.45

D.Zamanova qeyd edib ki, hazırkı vəziyyətdə süni intellektin təkbaşına yeni və daha təhlükəli nüvə silahları yaratdığına dair real fakt yoxdur:

Nüvə silahlarının hazırlanması çox mürəkkəb, bahalı və ciddi nəzarət altında olan prosesdir.

Bundan başqa, bu sahədə beynəlxalq müqavilələr və nəzarət mexanizmləri də mövcuddur. Bir çox ölkə nüvə texnologiyalarının yayılmasının qarşısını almaq üçün ciddi monitorinq sistemləri tətbiq edir.

Ümumiləşdirsək, süni intellekt özü “super bomba” yarada bilmir, amma hərbi texnologiyaların inkişafına dolayı yolla təsir edə bilər.

Hazırda ən böyük risk süni intellektin yeni nüvə silahı yaratması deyil. Daha real müzakirə mövzusu süni intellektlə idarə olunan silah sistemlərinin necə tənzimlənəcəyi və bu texnologiyanın necə məsuliyyətli istifadə olunacağıdır.

Texnologiya özü təhlükəli deyil. Onu necə və hansı məqsədlə istifadə etdiyimiz gələcəyi müəyyən edəcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: