“İran İnternational” ölkənin ali rəhbəri vəzifəsinə ABŞ və İsrailin hücumları nəticəsində həlak olan Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xameneinin təyin edildiyini yazıb.
Lakin rəsmi Tehran bununla bağlı məlumat yaymayıb, sözügedən iddia təsdiq edilməyib. Maraqlıdır ki, hücumlardan əvvək Ayətullah Xameneinin öz yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini təyin edəcəyi barədə iddialar yayılmışdı.
Hazırda İranda ali rəhbər vəzifəsinə real namizəd kim ola bilər? Yeni liderin təhlükəsizliyi necə təmin ediləcək?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, martın 3-də Tehranda yeni ali rəhbər vəzifəsinə seçkinin keçirildiyinə dair xəbərlər yayılıb:
“Ardınca həmin seçkilərin keçirildiyi əraziyə raket zərbəsi endirildiyi, nəticədə bütün iştirakçıların öldürüldüyü bildirilirdi. Lakin bu məlumat da rəsmi təsdiqini tapmayıb. İddialara görə, belə bir seçki baş tutub, lakin təhlükəsizliyin təmin edilməsi baxımından onlayn keçirilib. “İran İnternational”ın məlumatına əsasən, yeni vəzifəyə sabiq ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei təyin olunub.
Əli Xamenei hələ sağlığında onun bu vəzifəyə təyin edilməsini məqsədəuyğun saymayıb və ali rəhbərin xalq tərəfindən seçilməsini arzuladığını bildirib. İran siyasətində mühafizəkar qanadın gücü nəzərə çarpır. Əli Laricani bir çox siyasi liderləri ətrafında birləşdirən və siyasətin müxtəlif sahələrində fəaliyyət göstərmiş nüfuzlu simadır. Müəyyən dairələr həmin vəzifəyə məhz onun seçilməsini istəmişdilər. Görünür, mühafizəkarlar Xameneinin dəst-xəttinin qorunması üçün oğlunun təyinatında maraqlıdırlar.
Onun təhlükəsizliyinə dair ətraflı məlumatlar açıqlanmır, yəni bütün proses gizli şəkildə aparılır.
ABŞ və İsrail bu gün İranla münaqişə aparır. İran Prezidenti Məsud Pezeşkian və Əlirza Ərafi bir müddətlik şura yaradaraq vəziyyəti idarə etməyə çalışıblar. Lakin dünən seçki baş tutub və yeni lider artıq müəyyən edilib. İsrail prosesi yaxından izləyir və yeni təyinatları hədəf almağa çalışır. Onların təhlükəsizliyinin təmin olunması üçün tədbirlər gizli həyata keçirilir. Yeni liderin xalqla ilk müraciətinin bu gün və ya sabah gözlənildiyi bildirilib”.

Elşad Həsənov
Politoloq qeyd edib ki, Əli Xamenei yüksək səviyyədə qorunsa da, onun hücum nəticəsində öldürülməsi məsələnin ciddiliyini göstərir:
“İranın siyasi və hərbi dairələrində İsrail və ABŞ-la əlaqəli casus şəbəkələrinin fəaliyyət göstərdiyi, onların Xameneinin yerini açıqladığı və nəticədə İsrailin həmin yerə zərbə endirdiyi ehtimalları səsləndirilir.
Hətta İsrail və ABŞ yeni liderin yeraltı bunkerdə gizləndiyini öyrənsələr, birbaşa hücumla onu neytrallaşdıra bilərlər. İran isə ABŞ-la danışıqlardan imtina edir və müharibə davam etdirir.
Fikrimcə, bu münaqişə uzun çəkməyəcək. İran 12 günlük müharibə müddətində əsasən dron və raket zərbələri endirmişdi.Analitiklər bildirirlər ki, birinci gün 90, ikinci gün 65, üçüncü gün isə 25 raket atılıb. Bu səbəbdən əllərindəki texnikalardan ehtiyatlı şəkildə istifadə edirlər. Düşünürəm ki, müharibə martın sonuna qədər bitəcək”.
Safura Bənnayeva
Globalinfo.az