maduro

Süni intellekt (AI) müasir müharibələrdə getdikcə daha böyük rol oynayır. Kəşfiyyat məlumatlarının toplanması, hədəflərin müəyyənləşdirilməsi və pilotsuz sistemlərin idarəsində bu texnologiyadan istifadə edilir. Son vaxtlar bəzi siyasi fiqurlarla, o cümlədən Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və İranın ali dini lideri Əli Xamenei ilə bağlı yayılan iddialar da süni intellektin hərbi əməliyyatlarda mümkün rolunu gündəmə gətirib.

Süni intellektin hərbi əməliyyatlarda real təsir gücü nə qədərdir? Bu texnologiyanın istifadəsi hansı hüquqi və etik riskləri yaradır?

Globalinfo.az-a danışan Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə deyib ki, informasiya müharibəsi ilə real hərbi texnologiyaları bir-birindən ayırmaq vacibdir:

“İctimaiyyətə təqdim olunan bəzi görüntülər və məlumatlar həqiqi olmaya, süni intellekt vasitəsilə hazırlanmış ola bilər. Reallıq odur ki, süni intellekt artıq müasir hərb strategiyasının mühüm komponentinə çevrilib. Bu texnologiya birbaşa müstəqil qərar verən mexanizm kimi yox, qərar dəstəyi, analiz və operativ üstünlüyə xidmət edən alət kimi istifadə olunur. AI böyük həcmli məlumatları saniyələr içində analiz edir, peyk görüntülərini və dron çəkilişlərini emal edə bilir. Eyni zamanda, potensial riskləri və hədəfləri müəyyənləşdirir ki, bu da əməliyyatların sürətini, dəqiqliyini artırır. Bu cür sistemlər artıq komandanlara taktiki üstünlük verir və müharibə planlaşdırılmasında rol oynayır. Pilotsuz hava aparatlarının idarə olunmasında marşrut optimizasiyası və hədəf tanıma sistemlərində süni intellektin tətbiqi genişlənib. Kiber müharibə sahəsində isə AI həm hücum, həm də müdafiə məqsədilə istifadə olunur, şəbəkə trafikinin analizi, anomaliyaların aşkarlanması və avtomatik reaksiya mexanizmləri AI əsaslı sistemlərlə həyata keçirilir”.

emrah%C9%99

Əmrah Mövsümzadə

Ekspert bildirib ki, “deepfake” və saxta xəbərlərin avtomatlaşdırılmış yayılması informasiya müharibəsinin görünməyən, lakin təsirli cəbhəsidir:

“Bu cür texnologiyalar sosial şəbəkələrdə manipulyasiya və psixoloji təsir yaratmaq potensialına malikdir. AI yalnız fiziki döyüş meydanında deyil, rəqəmsal mühitdə də strateji alətə çevrilib. Hazırkı mərhələdə süni intellekt siyasi liderlərin taleyini tamamilə müəyyən edən autonom sistem deyil, çünki qərarvermə hələ də insan nəzarəti altındadır. Lakin AI sistemləri hədəflərin müəyyənləşdirilməsi, izlənməsi, risk analizlərinin aparılması, əməliyyat planlaşdırılması və kiber kəşfiyyat kimi sahələrdə ciddi rol oynayır. Yəni müasir müharibələr artıq yalnız silah və canlı qüvvə üzərində qurulmur. İndi üstünlük informasiyaya, alqoritmlərə və texnoloji imkanlara sahib tərəflərdədir. Süni intellekt bu yeni təhlükəsizlik mühitində əsas formalaşdırıcı faktorlardan biridir. Onun hərbi tətbiqləri həm imkanlar, həm də etik və hüquqi çağırışlar doğurur”.

Qeyd edək ki, “Vol Strit Jurnal”ın (VSJ) məlumatına görə, İranın Ali lideri Ayətullah Xameneini öldürmək üçün süni intellektdən istifadə olunub. Həmçinin ABŞ Silahlı Qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında “Claude” adlı süni intellekt proqramından istifadə etdiyi bildirilir.

Ləman İmran
Globalinfo.az

Paylaş: