Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regiondakı gərginliyə münasibət bildirib. O, ABŞ və İsrailin İrana qarşı hücumlarından dərin narahatlıq duyduqlarını dilə gətirib.
Globalinfo.az-ın xəbərinə görə, Ərdoğan vurğulayıb ki, uzun müddətdir bütün anlaşmazlıqların dialoq yolu ilə həlli üçün ciddi səylər göstərilib. O, İranın suverenliyini açıq şəkildə pozan və xalqın təhlükəsizliyini hədəf alan hücumları qəti şəkildə pisləyib.
Prezident həmçinin İranın Körfəzdəki qardaş ölkələrə yönələn raket və dron hücumlarının da qəbuledilməz olduğunu qeyd edib.
“Diplomatiya hakim olmazsa, bölgəmiz bir atəşə doğru sürüklənmə riski ilə üz-üzədir”, – deyə o əlavə edib.
Ərdoğan bildirib ki, daha çox qan tökülməməsi və regionun ağır fəlakətlərdən qorunması üçün İslam dünyası da daxil olmaqla, bütün tərəflər dərhal hərəkət etməlidir. Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin təhlükəsizliyini prioritet edən siyasət çərçivəsində bu həssas mərhələ uğurla idarə ediləcək, eyni zamanda ilk olaraq atəşkəsin təmin olunması və sonrakı mərhələdə müzakirə masasına qayıdış üçün diplomatik səylər sürətləndiriləcək.
Aysel Əliyeva
Globalinfo.az