vyana 1

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi sürpriz hərbi əməliyyatlar regionda davam edən sülh danışıqlarının gedişini ciddi şəkildə pozdu. Hərçənd fevralın 26-da Cenevrədə keçirilən danışıqlarda konstruktiv irəliləyiş müşahidə olunmamış, hər iki tərəf arasında konkret razılaşma əldə edilməmişdi.

Bununla belə, Vyanada 1-2 mart tarixində danışıqların davam edəcəyi gözlənilirdi. Lakin gözlənilmədən başlanan hərbi hücum bütün planları alt-üst etdi və diplomatik prosesin gələcək perspektivini təhlükə altında qoydu.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, İran tərəfi hücumun olacağını müəyyən dərəcədə gözləyirdi:

“Hücum əslində bəlli idi, açıq şəkildə anons edilmişdi. Cenevrə danışıqları isə daha çox texniki xarakter daşıyırdı. Prinsipcə, İranın ABŞ və İsrailin təklifləri ilə razılaşması inandırıcı deyildi. Sadəcə danışıqları uzatmaq üçün Vyana görüşünə razılıq verilmişdi.

zeynal emreliyev esas

Zeynal Əmrəliyev

Abbas Araqçı maksimum səylə danışıqların uzanmasına çalışırdı, lakin İran tərəfi ABŞ-ın təkliflərini qəbul etmək niyyətində deyildi. Buna görə də hazırda ABŞ və İsrail həm uranın zənginləşdirildiyi obyektləri, həmçinin raket istehsalı müəssisələrini sıradan çıxarmağa çalışır. Hətta ABŞ İran donanmasına qarşı da konkret zərbə hədəfləri müəyyən edib. İranın siyasi rəhbərliyi də bu əməliyyatın hədəfləri arasındadır.

Əslində, bu, 12 günlük müharibənin tərkib hissəsidir — o zaman tamamlanmamış hədəflər indi tamamilə həyata keçiriləcək. Buna görə də demək olar ki, ABŞ və İsrailin əməliyyatları nəticəsində regiondakı gərginlik daha da artacaq. Xüsusi ilə diplomatik danışıqların perspektivi qeyri-müəyyən qalır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: