Bir müddət əvvəl Bakıda yerləşən məktəblərdən birində özünü pəncərədən atmaqla intihara cəhd edən 13 yaşlı qızın uzun müddət qardaşı tərəfindən zorlanması üzə çıxıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, həmin məktəbin rəhbərliyinin və psixoloqun iştirakı ilə aparılan ilkin araşdırma zamanı qız yaşadığı evdə 2 il müddətində qardaşı tərəfindən mütəmadi olaraq cinsi təcavüzə məruz qaldığını deyib. Bundan sonra rayonun polis idarəsinə məlumat verilib və qızın valideynləri məktəbə çağırılıb. Həmçinin azyaşlıya təcavüz etmiş qardaşı, 2001-ci il təvəllüdlü T.Məmmədov (ad şərtidir) barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi açılmaqla o həbs edilib.
Bir müddət əvvəl isə işin ibtidai istintaqı başa çatdırılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Paytaxtda dönərxanada işləyən T.M ilkin ifadəsində, həmçinin məhkəmədə bacısının dediklərini inkar edib. O, bacısı, 2009-cu il təvəllüdlü Səbinəni (ad şərtidir) məktəbdə başqa oğlanla sevişərkən görənlərin olduğunu deyib və bu səbəbdən bacısının intihara cəhd etdiyini bildirib. Bacısının mobil telefon vasitəsilə başqa şəxslərlə yazışmasını tutduğuna görə onu tənbeh etdiyini deyən 22 yaşlı oğlan bu səbəbdən Səbinənin ona şər atdığını deyib.
Məktəbli qız isə qardaşının bu iddialarını inkar edib:
“Ailədə iki uşağıq, T.M böyük qardaşımdır. O, mənə ilk dəfə 10 yaşım olanda cinsi təcavüz edib. Anamı nə isə almaq adı ilə marketə göndərirdi, sonra yataq otağına keçib məni ora salıb soyundururdu. Məni tez-tez döyürdü, ondan çox qorxurdum. O məni hər dəfə zorlayanda ağrıdan qışqırırdım. Anamı evə gəldikdə gözlərimin qızardığını görüb səbəbini soruşmuşdu. Qorxduğum üçün istidən qızardığını demişdim. Həmin vaxt həmçinin ayaqlarım da bir-birinə dolaşır, ona görə çox anamın gözünə görünməməyə çalışırdım, ondan aralı gəzirim. Həmin gün axşam Tofiqin yenə anamızı “semiçka” almaq bəhanəsi ilə evdən çıxardı. Yenəz zorlayacağını bilib həyətə çıxdım, amma qolumdan tutub evə saldı. O mənimlə ümumilikdə 11 dəfə cinsi əlaqədə olub. Bütün hadisələr yaşadğımız evdə baş verib. Bütün bunlar 2-3 il – 2019-dan 2021-ci ilin axırınadək davam edib. Ata və anam evdə olanda heç vaxt mənə təcavüz etməyib. T.Məmmədov mənimlə sonuncu dəfə cinsi əlaqədə olmasından sonra dözə bilməyib anama hər şeyi dedim. O da mənə tam inanmadığı üçün məni həkimə aparacağını dedi. Bundan bir-iki gün sonra anamla həkimə getmək üçün evdən çıxdıq, lakin utandığıma, qorxduğuma və anamın mən inamsızlıq etdiyini görüb həkimə getməkdən imtina etdim, yoldan geriyə qayıtdım. Anam isə atamın qardaşımı və məni öldürəcəyindən qorxmasına görə bu barədə heç kəsə deməyib. Bütün bu hadisələr məni gərgin psixoloji vəziyyətə salmışdı. Bu səbəbdə özümü məktəbin pəncərəsindən atmaq istəmişdim. Lakin məktəbdə işləyən müəllim həmin vaxt məni tutaraq pəncərədən dəhlizə saldı, bundan sonra məktəbin psixoloqu mənimlə söhbət etdi, ona qardaşımın etdiyi əməlləri dedim.
T.M.-in dediyi kimi heç vaxt kənar şəxslərlə telefon vasitəsilə əxlaqsız yazışma aparmamışam, məktəbdə heç bir oğlanın üzündən öpməmişəm”.
Məhkəmədə bacı-qardaşın anası S.M da ifadə verib. O, oğlu ilə qızının münasibətlərinin yaxşı olmadığını hiss etdiyini deyib. Həmçinin T.-nin bacısını 1-ci sinifdə oxuduğu vaxtdan döydüyünü qeyd edib. Qızının dediklərini təsdiq edən qadın baş verələr barədə ərinə və oğluna deməyə qorxduğunu bildirib.
T.Məmmədovun atası isə arvadı ilə qızının ona şər atığını deyib. O, oğlunun qızına təcavüz etməsini ağlına gətirə bilmədiyini deyib:
“T.M. 9-cu sinifdən çıxıb, o vaxtdan restoranlarda ofisiant işləyib. Son bir ilə isə dönərçi kimi çalışıb. Səhər 8-də evdən çıxıb axşam 22-23-də geri qayıdırdı, bildiyimə görə, istirahət günü də olmayıb. Arvadımla ailədə dəfələrlə münaqişəmiz olub. O, dəfələrlə qızımı da götürüb evdən gedib, qohumlarının yanında, digər ünvanlarda qalıb. Hər dəfə onları tapıb geri qaytarmışam. Düşünürəm ki, bütün bunları arvadım qızımla birgə təşkil edib, onların iddiaları yalandır”.
Bundan başqa, məhkəmədə məktəbin direktor müavini və psixoloqu da çıxış edib. Onlar məktəbdə baş vermiş intihara cəhd hadisəsi və qızın psixoloqa dediklərini təsdiq ediblər.
Həmçinin ekspertiza rəyləri 2009-cu il təvəllüdlü Səbinənin qeyri-təbii yolla cinsi əlaqədə olmasını təsdiq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesi bu ilin fevralında yekunlaşıb. Məhkəmə T.Məmmədovu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi üzrə təqsirli bilib. O, 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Malik
Globalinfo.az