WhatsApp Image 2026 02 25 at 12.14.24 1

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması ictmaiyyətdə maraqla qarşılanıb. Bu mükafat ölkənin ən ali təltiflərindən biri olmaqla, dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi, elmi və mədəni inkişaf, ictimai-siyasi həyatın zənginləşdirilməsi, dövlət idarəçiliyi və milli təhlükəsizliyin təmin olunması, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətləri olan şəxslərə təqdim edilir.

Orden, bir qayda olaraq, yüksək dövlət və ictimai əhəmiyyət daşıyan, uzunmüddətli və strateji xarakterli fəaliyyətə görə verilir və xüsusi nüfuza malik hesab olunur. İndiyədək müxtəlif sahələrdə mühüm xidmətləri ilə seçilən bir sıra tanınmış şəxslər bu ali təltifə layiq görülüblər.

Təsis edildiyi vaxt “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıl və  müxtəlif karatlıq 447 brilyant daşdan istifadə olunub.

Globalinfo.az indiyədək “Heydər Əliyev” ordeni ilə təltif edilənlərin siyahısını təqdim edir:

  1. Azərbaycan Prezidenti İlham Əliyev
  2. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
  3. Hacettepe Universitetinin qurucusu, pediatr İhsan Doğramacı
  4. Fransanın keçmiş prezidenti Jak Şirak
  5. SSRİ Xalq artisti Mstislav Rostropoviç
  6. Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko
  7. SSRİ Xalq rəssamı Tahir Salahov
  8. Küveyt Dövlətinin keçmiş Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
  9. Polşanın keçmiş prezidenti Lex Kaçinski
  10. Latviyanın sabiq prezidenti Valdis Zatlers
  11. Rumıniyanın keçmiş prezidenti Trayan Besesku
  12. Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov
  13. Tacikistanın ikinci prezidenti Emoməli Rəhmon
  14. SSRİ Xalq artisti Arif Məlikov
  15. Türkiyənin keçmiş prezidenti Abdullah Gül
  16. Ukraynanın sabiq rəhbəri Viktor Yanukoviç
  17. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
  18. Belarus Prezidenti Aleksandr Lukaşenko
  19. SSRİ Xalq artisti Zeynəb Xanlarova
  20. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev
  21. Azərbaycan SSR xalq rəssamı Ömər Eldarov
  22. İtaliya prezidenti Sercio Mattarella
  23. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə
  24. Azərbaycan Respublikasının 6-cı baş naziri Artur Rasizadə
  25. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə
  26. Azərbaycanın Rusiyadakı keçmiş səfiri, deputat Polad Bülbüloğlu
  27. Xalq şairi Nəriman Həsənzadə.

Qeyd edək ki, “Heydər Əliyev” ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə Nəriman Həsənzadə (95 yaşında) olub.

Təltif edilənlərdən 2-si qadındır – Mehriban Əliyeva və Zeynəb Xanlarova.

“Heydər Əliyev” ordeni ilə təltif edilən 28 nəfərdən 12 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 14 nəfər dövlət başçısı olduğu zamanı sözügedən ordenlə təltif edilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: