“Ötən il ölkədə kompüter “istehsalı” ilə bağlı məlumatların ağlabatan olmadığını qeyd etmişdim”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O xatırladıb ki, 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda stolüstü kompüterlərin istehsalı kəskin artıb:
“Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk 8 ayda 2 365 ədəd stolüstü kompüter istehsal edilib və bu göstərici ötən illə müqayisədə təxminən 40 dəfədən çox artımdır.
Yazmışdım ki, bu, təbii artım deyil, ola da bilməz, çox güman, hansına “sxemlərdən” istifadə edilib. 2026-cı il gəldi, ilk rəsmi rəqəmlər açıqlandı: Bu ilin yanvar ayında Azərbaycanda cəmi 20 ədəd stolüstü kompüter istehsal edilib”.
N.Cəfərli Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 92,3 % azdır:
“Yaxşı, hörmətli qalstuklu müəllimlər, nə baş verdi ki, kompüter istehsalı keçən il “fontan” vurdu, həm də artım il ərzində cəmi 2 aya təsadüf etmişdi, indi isə “istehsal” kəskin azalıb, demək olar ki, olmayıb?! 2025-ci ildə hansı “sxemlər” olub, bu il nə baş verib – izahı olacaqmı?!”.
Günel Cəlil
Globalinfo.az