baki moskva 1 900x483 1

Rusiya ilə münasibətlər Azərbaycan üçün son illərdə ziddiyyətli və kəskin dönüşlərlə yadda qalıb. 2022-ci ildə Prezident İlham Əliyevlə Rusiya lideri Vladimir Putinin görüşü və imzalanan Moskva Bəyannaməsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi təqdim olunurdu. Bu strateji müttəfiqlik sənədi siyasi dialoq, təhlükəsizlik sahəsində koordinasiya və regional sabitlik baxımından tərəfdaşlığın dərinləşməsini nəzərdə tuturdu.

Lakin aradan təxminən iki il on ay keçdikdən sonra AZAL-a məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması iddiası münasibətlərdə ciddi gərginlik yaratdı. Bu hadisələr fonunda Rusiya–Azərbaycan xəttində “dost-müttəfiq” mərhələsindən “etimad böhranı” mərhələsinə keçidin səbəbləri yenidən müzakirə predmetinə çevrilib.

Strateji müttəfiqlik hansı şərtlər üzərində qurulmuşdu? Bakı-Moskva müttəfiqliyini nə kimi amillər zədələdi?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Rusiya Azərbaycanın əzəli və əbədi qonşusudur:

“Rusiya gün çıxandan gün batana qədər uzanan böyük əraziyə malikdir. Həmçinin nüvə doktrinasına sahibdir. Bu ölkənin saysız-hesabsız yeraltı və yerüstü sərvətləri var. Eyni zamanda qeyd edim ki, Rusiyada sayı milyonları ötən soydaşımız yaşayır. Bundan başqa, Azərbaycanın xarici siyasət doktrinasında qonşularla dinc yaşamaq prinsipi var. Bu da beynəlxalq hüquq müstəvisində tənzimlənir.

Prezident İlham Əliyev 2022-ci ildə Rusiya lideri Vladimir Putinlə dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb. 43 maddəlik bu sazişin hər bəndi özlüyündə iki ölkə arasında münasibətlərin inkişafına hesablanıb. Rusiyada yaşayan soydaşlarımızın fəaliyyəti və rahatlığı üçün bu saziş çox mühümdür.

Rusiya ilə dost olmaq xoşbəxtlikdirsə, düşmən olmaq bədbəxtçilikdir. Ən azından indiki vəziyyətdə dost ola bilmiriksə, düşmən olmaq da doğru deyil. Bu ölkə qonşumuzdur və gücü hər kəsə bəllidir. Uzun müddət iki ölkə arasında dostluq münasibətləri olub. Hesab edirəm ki, bu dostluq hələ də davam edir. Azərbaycan Prezidenti ilə Rusiya lideri arasında dostluq münasibəti var. Xatırladım ki, Rusiya prezidenti bir neçə dəfə Azərbaycana səfər edib və dövlət başçısının şəxsi qonağı olub”.

azad mesiyev
Azad Məsiyev 

Politoloq bildirib ki, Bakı-Moskva münasibətlərini pozmaq istəyən müəyyən dairələr var:

“Qərb dünyası və erməni diasporu burada aktiv şəkildə fəaliyyət göstərir. Hazırda Rusiyanın siyasi elitasında, eləcə də ictimai-siyasi proseslərində erməni mənşəli Rusiya vətəndaşları var. Bu şəxslər lobbinin təlimatı ilə hərəkət edir. Çalışılır ki, gərginlik aktiv qalsın və daha da alovlansın. Qərb də bu prosesdə geri durmur. Çünki Qərb çalışır ki, Cənubi Qafqaz respublikalarını öz təsirinə salaraq Rusiyaya qarşı istifadə etsin.

Hazırkı məqamda proses belə görünməsə də, məsələnin bir tərəfi məhz budur. Bu gün Azərbaycan tərəfi açıq şəkildə elan edib ki, ərazisindən üçüncü ölkələrin maraqları üçün istifadəyə icazə verilməyəcək. Bu mövqe həm Rusiya, həm də İran üçün şamil edilə bilər və bizim açıq mövqeyimizdir. Düzdür, zaman-zaman iki ölkə arasında gərginlik olub, bu danılmazdır. Lakin münasibətlərin korlanmasında qeyd etdiyim dairələr aktiv şəkildə fəaliyyət göstərir. Hesab edirəm ki, buna yol vermək olmaz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: