ABŞ Ali Məhkəməsi prezident Donald Trampın dünyanın əksər ölkələrinə birtərəfli qaydada tətbiq etdiyi gömrük rüsumlarının federal qanunu pozduğuna qərar verib. Məhkəmə rüsumların qanunun müəyyən etdiyi çərçivəni aşdığını bildirib. Qərar altı hakimin lehinə, üç nəfərin isə əleyhinə səs verməsi ilə qəbul edilib.
Globalinfo.az xəbər verir ki, bu barədı CNN məlumat yayıb.
Məhkəmənin sədri Con Roberts hakimlər adından çıxış edərək bildirib:
“Prezident iddia edir ki, o, fövqəladə səlahiyyətlərə malikdir və bunun əsasında məhdudiyyətsiz məbləğdə, müddətdə və həcmdə tarifləri birtərəfli qaydada tətbiq edə bilər. Lakin prezident rüsumları tətbiq etməzdən əvvəl Konqresdən icazə almalı idi. Məhkəmənin qənaətincə, Trampın istinad etdiyi fövqəladə səlahiyyətlər qanunun tələblərinə uyğun gəlmir”..
Donald Tramp 2025-ci ilin aprelində 180 ölkə və əraziyə qarşı ticarət rüsumları tətbiq etdiyini açıqlayıb. O, ölkələrə ABŞ-la danışıqlar aparmaq və yeni ticarət sazişləri bağlamaq üçün üç ay vaxt verib. Bu müddət ərzində bütün ölkələr üçün müvəqqəti olaraq 10 faizlik tarif qüvvəyə minib. Sonradan danışıqlar prosesi uzadılıb.
Rüsumlarla bağlı fərman avqust ayında qüvvəyə minib. Dəqiqləşdirilmiş tariflərin həcmi 10 faizdən 41 faizə qədər dəyişib və 69 ölkəyə şamil olunub.
Bundan əvvəl ABŞ-da müxtəlif məhkəmələr də Trampın milli fövqəladə hallar üçün nəzərdə tutulmuş qanuna əsaslanaraq rüsum tətbiq etməklə səlahiyyətlərini aşdığı qənaətinə gəlmişdi. Ağ Evə qarşı qərar çıxarıldıqdan sonra Tramp administrasiyası ABŞ Apellyasiya Məhkəməsinin və Vaşinqtondan hakim Rudolf Kontrerasın qərarından sonra məsələni Ali Məhkəməyə daşıyıb.
Əliyar Xəlil
Globalinfo.az