“Rəhbərlikdə baş verən dəyişikliklər idarəetmə sisteminin təbii hissəsi sayılsa da, bu hal qurum daxilində dərhal kütləvi kadr rotasiyasına zərurət yaratmır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Müşfiq Cəfərov Milli Məclisin plenar iclası zamanı səsləndirib.
O bildirib ki, yeni təyin edilən rəhbər mövcud iş mexanizmlərinin davamlılığını təmin etməli, təsdiqlənmiş fəaliyyət proqramı, strateji istiqamət və institusional model şəxsi yanaşmalar səbəbilə radikal şəkildə yenidən formalaşdırılmamalıdır:
“Yalnız fərdi baxışlara görə yüksək nəticə göstərən peşəkar əməkdaşların vəzifədən uzaqlaşdırılması qurumların sabitliyinə mənfi təsir edə bilər. Dövlət idarəçiliyi konkret şəxslər üzərində deyil, dayanıqlı sistem prinsipləri əsasında qurulmalı, rəhbər dəyişikliyi isə daha çox menecerial yenilənmə kimi qəbul edilməlidir. Strukturun dayanıqlığı, kadr qərarlarının əsaslılığı və aparılan islahatların məqsədə uyğunluğu da ayrıca təhlil edilməlidir. Qərarların verilməsi şəxsi mövqelərə deyil, obyektiv meyarlara və dövlət maraqlarına söykənməlidir”.
Safura Bənnayeva
Globalinfo.az