
Globalinfo.az xəbər verir ki, bunu qida məsələləri üzrə ekspert Ağa Salamov deyib.
O bildirib ki, ötən aylar da pomidorun mövsümü deyildi:
“Hazırkı vəziyyətdə qiymətə təsir edən əsas struktur amillər var. Birincisi, xarici bazara ixrac – istehsalçı üçün məhsulu daha yüksək qiymətə xaricə satmaq iqtisadi cəhətdən daha sərfəlidir. Əgər ixrac qiyməti daxili bazardan yüksəkdirsə, məhsulun əhəmiyyətli hissəsi xarici bazara yönəlir. Bu isə ölkə daxilində təklifin azalmasına səbəb olur.
Təklif azalanda və tələb sabit qalanda (və ya artanda) qiymət yüksəlir. Yəni bu, klassik tələb–təklif mexanizmidir”.
Ağa Salamov
Ekspert qeyd edib ki, digər səbəblərdən biri parniklərdə qaz limitinin aşılmasıdır:
“Qış və mövsümdənkənar dövrdə pomidor əsasən istixanalarda yetişdirilir. İstixanaların əsas xərclərindən biri qazdır. Limit aşdıqda tarif artır və enerji xərci kəskin yüksəlir. Enerji xərci istixana məhsulunda maya dəyərinin böyük hissəsini təşkil edir. Qaz bahalaşdıqca istilik xərci artır, ümumi istehsal xərci yüksəlir, maya dəyəri artır, satış qiyməti yuxarı qalxır. Yəni burada qiymət artımı birbaşa xərclərin artması ilə bağlıdır. Həmçinin marketlər də birbaşa parniklərdən alış edir. Böyük market şəbəkələri məhsulu birbaşa istehsalçıdan alanda iki proses baş verir: topdansatış bazarı kənarda qalır; istehsalçı yüksək və stabil qiymət tələb edə bilir. Marketlər isə öz üzərinə logistika, itki və marja əlavə edərək son qiyməti formalaşdırır”.
Ağa Salamovun sözlərinə görə, böyük alıcılar bazarda qiymət siqnalı yaradır:
“Əgər onlar yüksək alış qiymətinə razılaşırsa, bu, ümumi bazar qiymətini yuxarı istiqamətə “çəkir”.
Qeyd edək ki, A.Salamov hazırda “Meyvəli bazarı”nda ən ucuz pomidorun 3,50 manata satıldığını bildirib.
Günel Cəlil
Globalinfo.az