mertz

Almaniya kansleri Fridrix Mertz Avropa ilə ABŞ arasında münasibətlərdə ciddi fikir ayrılıqlarının yarandığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, siyasi və ticarət məsələləri fonunda Avropa ilə ABŞ arasında dərin parçalanma müşahidə olunur.

Kanslerin sözlərinə görə, Vaşinqtonda gedən daxili ideoloji qarşıdurmalar Avropa üçün prioritet hesab edilmir.

“ABŞ-dakı mədəni savaşlar bizim müharibəmiz deyil”, – o vurğulayıb.

Mertz qeyd edib ki, Avropa ölkələri proteksionizm və əlavə tarif siyasətini dəstəkləmir və iqtisadi münasibətlərdə daha çox azad ticarət prinsiplərinə üstünlük verir. Onun fikrincə, qlobal iqtisadi sabitlik üçün açıq bazarlar və qarşılıqlı əməkdaşlıq əsas şərt olaraq qalır.

Almaniya hökumət başçısı həmçinin xəbərdarlıq edib ki, transatlantik münasibətlərdə yaranan fikir ayrılıqları davam edərsə, bu vəziyyət gələcəkdə siyasi və iqtisadi əməkdaşlığa təsirsiz ötüşməyəcək.

Ekspertlər hesab edir ki, Almaniya kanslerinin bu açıqlaması son illər Qərb müttəfiqləri arasında artan strateji fikir ayrılıqlarının açıq etirafı kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: