yangin 900x565 1

Fevralın 13-nə keçən gecə Bakının Xətai rayonu ərazisində 18 mərtəbəli yaşayış binasında baş verən yanğın bir sıra məsələləri gündəmə gətirib. Məsələn, hadisə zamanı bəzi sakinlərin təxliyə baxımından çətin vəziyyətdə qaldığı bildirilir. 

Yaşayış binalarında yanğın zamanı insanların təxliyəsi niyə mümkün olmur? Bu məsələ necə həll edilə bilər?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, bu hadisə yanğın təhlükəsizliyi məsələsinin yalnız fövqəladə hallar zamanı deyil, gündəlik həyatımızın ayrılmaz hissəsi olduğunu bir daha göstərdi:

“Bir çox binalarda təxliyə yolları nəzəri olaraq mövcud olsa da, praktikada istifadəyə hazır vəziyyətdə olmur. Pilləkən qəfəslərinin bağlanması, əlavə qapıların quraşdırılması, şəxsi əşyaların təxliyə yollarında saxlanılması fövqəladə vəziyyət zamanı insanların hərəkətini məhdudlaşdırır. Digər mühüm amil tüstünün sürətlə yayılmasıdır. Statistikaya görə, yanğın zamanı ölüm hallarının əksəriyyəti alovdan deyil, tüstüdən zəhərlənmə nəticəsində baş verir. Binada tüstüyə qarşı müvafiq sistemlər quraşdırılmadıqda risk daha da artır. Bu cür hadisələrdə insan faktoru da xüsusi rol oynayır. Panika vəziyyətində insanlar düzgün qərar verməkdə çətinlik çəkir. Belə ki, bəziləri liftə minir, bəziləri isə mənzildə qalaraq kömək gözləyir. Bu davranışlar təhlükəni artırır”.

Orxan Musayev

Ekspert bildirib ki, təxliyə planı əvvəlcədən sakinlərə məlum olmalı, yanğın zamanı düzgün davranış qaydaları onlara izah edilməlidir:

“Yaşayış binalarında və iri ticarət mərkəzlərində fövqəladə hallarla bağlı mütəmadi praktiki məşğələlərin təşkili vacibdir. Təhsil müəssisələrində də bu istiqamətdə həm nəzəri, həm də praktiki hazırlıq sistemi qurulmalıdır. Harada olmalarından asılı olmayaraq, insanlar fövqəladə vəziyyət zamanı təxliyə yollarını bilməli və düzgün şəkildə evakuasiya olunmağı bacarmalıdırlar. Qanunvericiliyin tələblərinə əsasən, təxliyə yollarının qarşısının alınması və orada maneələrin yaradılması qadağandır. Bu, birbaşa insan həyatı üçün təhlükə yaradır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: