Məlum olduğu kimi, “Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadənin ABŞ-nin MLS liqasında çıxış edən “Kolumbus Kru” klubuna transferi rəsmiləşib.
Nəriman Axundzadənin “Qarabağ”dan gedişi komandanın oyun sistemində nəyi dəyişəcək?
Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, Nəriman Axundzadə istedadlı futbolçudur, amma əsas heyət oyunçusu deyildi:
“Yeni mövsümdə, xüsusilə Çempionlar Liqasında əsas oyunçu olmaması ümumi oyun sisteminə ciddi təsir etməyəcək. Çempionatda isə daxili yarış baxımından müəyyən təsirləri ola bilər, amma bu, yalnız oyunçu sayı ilə bağlıdır. Dünənki matçdan sonra Qurban Qurbanov etiraf etdi ki, Nəriman ehtiyat qüvvə kimi komandaya yaxşı dəstək verirdi”.

Kənan Məstəliyev
Jurnalistin fikrincə, Nəriman Axundzadənin gedişindən sonra digər oyunçular daha çox şans əldə edəcəklər:
“Toral Bayramov da əsas heyətə düşmək imkanı qazanacaq. Qurban Qurbanov Musa Qurbanlını da əsas heyətə hazırlayırdı. Digər futbolçular da yavaş-yavaş Nərimanın yerini tutacaqlar. Yəni onun gedişi ilə oyun sistemində xüsusi dəyişiklik olmayacaq, amma heyətdəki mövqelərdə dəyişikliklər gözlənilir”.
Kənan Məstəliyev bildirib ki, Nəriman Axundzadənin transferini yalnız müsbət qiymətləndirmək olar:
“Azərbaycandan ABŞ çempionatına getmək, orada oynamaq asan iş deyil və bu, onun karyerası üçün böyük addımdır. Ona yalnız uğurlar arzulaya bilərəm”.
Zaira Akifqızı
Globalinfo.az