Rusiya yalnız öz maraqlarının tam təmin olunduğu və təhlükəsizlik baxımından zəmanət altına alındığı bir dünya nizamında maraqlıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Moskvanın mövqeyi dəyişməz olaraq qalır və ölkə öz milli maraqlarının qorunmasını əsas prioritet hesab edir.
“Bizə yalnız maraqlarımızın tam təmin olunduğu və sığortalandığı bir dünya lazımdır. Ukrayna da bu maraqlara daxildir. Sülh yalnız Rusiyanın maraqları və istəkləri çərçivəsində reallaşacaq”, – deyə Kreml sözçüsü vurğulayıb.
O, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin ölkənin maraqlarını diplomatik yollarla təmin etməyə çalışdığını bildirib. Peskovun iddiasına əsasən, Qərb ölkələrinin mövqeyi bu cəhdlərin reallaşmasına mane olub və nəticədə Ukraynada “xüsusi hərbi əməliyyat”ın başlanması qaçılmaz olub.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya rəhbərliyi son ana qədər mövcud problemlərin siyasi və diplomatik vasitələrlə həllinə ümid edirdi.
Tahir Turan
Globalinfo.az