ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri regional diplomatiyada müxtəlif istiqamətlərdə dəyərləndirilir.
Ağ Ev rəsmisi səfər zamanı həm Ermənistan rəhbərliyindən sülh prosesinə dair öhdəliklərin təsdiqini aldı, həm də Vaşinqtonun bölgədəki dəstəyini bir daha ifadə etdi. Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyana gələcəkdə ABŞ-ın iqtisadi və təhlükəsizlik sahəsində bu ölkəyə dəstəyin davam etdiriləcəyi vəd olundu.
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyi ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfəri İrəvan üçün böyük əhəmiyyət daşıyır:
“Bu səfər, xüsusilə Paşinyan üçün sevindiricidir. Tarixdə ilk dəfədir ki, ABŞ-ın vitse-prezidenti Ermənistana səfər edir. Daha əvvəl regiona səfər edən digər vitse-prezidentlər yalnız Azərbaycana və Gürcüstana gəlmişdi, amma Ermənistana səfər etməmişdilər. Bu, xüsusi hadisədir və bir çox vacib məqamı əhatə edir.
Birincisi, səfərin məqsədlərindən biri Ermənistan Baş naziri Nikol Paşinyana dəstəkdir. Qarşıdan parlament seçkiləri gəlir və bu seçkilər Ermənistan–Rusiya münasibətlərində dönüş mərhələsi ola bilər. Aydındır ki, Rusiya və bəzi qüvvələr Paşinyanın seçkilərdə uğur qazanmasını istəmir. Qərb və ABŞ isə baş nazirə dəstək verir. Vens öz səfəri zamanı bu dəstəyi gizlətmədi.
İkincisi, ABŞ-ın vitse-prezidentinin səfəri Ermənistanı Rusiyanın təsirindən çıxarmaq məqsədi daşıyır. Xüsusilə Ermənistan bu gün enerji sahəsində Rusiyadan ciddi şəkildə asılıdır. ABŞ bu baxımdan, Motsamor AES-in yenilənməsi və modern tipli reaktorlarla texnologiya dəstəyi vasitəsilə bu sahədə vəziyyətə nəzarət etmək istəyir.

Murad Sadəddinov
Üçüncüsü, 8 avqusta imzalanmış sənədlər çərçivəsində ABŞ regionda həm İran, həm də Rusiyaya “göz dağı” verir. Ermənistan isə müəyyən sahələrdə, məsələn, çip texnologiyaları üzrə əməkdaşlıq əldə edir.
Azərbaycanla bağlı isə çox ciddi məsələlər mövcuddur. Ölkəmizdə ABŞ şirkətləri səfərdədir. Bu şirkətlər dünya iqtisadiyyatının böyük oyunçularıdır. Ekspertlərin proqnozuna görə, tezliklə sülh sazişinin imzalanması, kommunikasiya xətlərinin açılması və Orta Dəhliz marşrutunun inkişafı gündəmə gələcək”.
Turan Rzayev
Globalinfo.az