erdogan eliyev semimi 1

“Baş verən təbii fəlakət sonrası Prezident İlham Əliyev Türkiyəyə ilk dəfədir ki, səfər edir. İki ölkə arasında siyasi iqtisadi diplomatik sahələrdə müzakirəyə ehtiyac duyulan bir çox məsələ var. Təsadüfi deyil ki, Prezident səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da görüşəcək”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfərə getməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşdə bir sıra başlıca məsələlər müzakirə edilə bilər:

“Birincisi, Türkiyə və Ermənistan münasibətlərinin normallaşması baxımından ciddi addımlar atılıb. Dövlət başçılarının ilk növbədə bu məsələ ilə bağlı müzakirə etməli olduğu detallar var.
Türkiyə indiki məqamda Azərbaycanın mövqeyini nəzərə alır. Azərbaycan tərəfi də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına qarşı deyil. Lakin yenə də pərdəarxası məqamlar müzakirə edilməlidir.

İkincisi, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Ağ Ev üçtərəfli görüşlə bağlı Azərbaycan və Ermənistana təklif göndərib. ABŞ-ın prosesdə iştirakı Azərbaycan üçün yenidir. Bu məsələdə rəsmi Vaşinqtonu ən yaxşı tanıyan tərəf şübhəsiz Türkiyədir. ABŞ-la nələrə ehtiyat edilməlidir, ümumiyyətlə Vaşinqtonun addımları necədir, müzakirə edilə bilər.

Üçüncüsü, Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırılması, Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərməsi, Rusiyanın Cənubi Qafqaz siyasətində aqressivləşmə ehtimalı, Ankara-Bakı strateji tərəfdaşlığı üçün ortaq addımlar atmağı zəruri edir”.

Politoloqun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsi öncəsi Prezidentin Türkiyəyə səfəri diqqət çəkir:

“Lavrovun Bakıya gəlişi öncəsi Prezidentin Türkiyəyə səfər etməsi bir daha onu göstərir ki, Türkiyə və Azərbaycanın ortaq qərarlar qəbul etməli olduğu ciddi siyasi proseslər baş verə bilər. Detalları demək üçün hələ çox tezdir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: