Xankəndidə dava başladı: Vardanyanla Arutyunyan pul üstündə qırğına çıxdılar

Xankəndidə dava başladı: Vardanyanla Arutyunyan pul üstündə qırğına çıxdılar

Ruben Vardanyanın gedişindən sonra ciddi müzakirələr başlayıb. Öncə qeyd edək ki, Vardanyanın getmənin arxasında son bir neçə ayda Azərbaycan diplomatiyasının apardığı ciddi, gərgin mübarizə dayanır. Bunu heç kim inkar edə bilməz. Hətta erməni politoloqlar da Paşinyan və Arutyunyanın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarını həyata keçirdikləri barədə xəbərlər verirlər. Azərbaycan apardığı intensiv mübarizə nəticəsində qondarma respublikanın cibi dolu, başı boş “naziri” istefa verməyə məcbur oldu, daha doğrusu vəzifəsindən uzaqlaşdırıldı.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin diktə etdiyi şərtlərin qəbul edilməsi istiqamətində addımlar atmağa başlayır:

“Münhen Təhlükəsizlik Konfransında Prezidentin səsləndirdiyi tələblərdən biri yerinə yetirildi. Növbədə Laçın-Xankəndindi yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasıdır. Bundan sonra Xankəndidə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində danışıqlara start verilə bilər. Bu danışıqlar da heç şübhəsiz Qarabağda anadan olan, orada böyüyüb boya- başa çatan şəxslə aparılacaq. Bu şəxs Araik Arutyunyan olmayacaq, heç yeni təyin edilmiş dövlət naziri də olmaya bilər. Hər halda bu şəxsin müəyyən edilməsi istiqamətində Azərbaycanla intensiv danışıqlar gedir. Düşünürük ki, artıq bu yaxınlarda keçiriləcəyi barədə anonsu verilmiş Brüssel görüşünə qədər bu məsələdə də irəliləyiş olacaq. Brüsseldə isə Xankəndidəki ermənilərin təhlükəsizliyi məsələsi müzakirəyə çıxarılmalıdır”.

Xankəndidə dava başladı: Vardanyanla Arutyunyan pul üstündə qırğına çıxdılar

Politioloq deyib ki, Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Qarabağı tərk etməyəcəyi, orada qalıb ictimai-siyasi fəaliyyət göstərəcəyi ilə bağlı bəyanatına gəlincə, bunun daxili auditoriyaya və Araik Arutyunyana ünvanlandığı şübhəsizdir:

“Daxili auditoriya dedikdə, orada Vardanyanın ətrafında dolanan şəxsləri nəzərdə tuturam. Bu bəyanatla keçmiş dövlət naziri onları sakitləşdirməyə çalışır ki, hələlik onlarla birlikdədir, gəmini tərk etməsinlər.

Araikə gəlincə, Rubenin Xankəndidə qalması onun üçün ciddi siqnal və həm də hədədir. Çünki onlar arasında keçən 4 ay ərzində ciddi bazarlıqlar olub və Vardanyan bu dörd ay ərzində Qarabağda xərclədiyi vəsaiti – bu on milyonlarla dollar həcmində ölçülür – Araik Arutyunyanın şəxsi zəmanəti əsasında xərcləyib. Xankəndidən gələn xəbərlərə görə, bu vəsaitlər notarius vasitəsi ilə qondarma respublikanın “prezidentinin” adına rəsmiləşdirilib. Araik şəxsi zəmində borc götürdüyü pulların Qarabağdakı mədənlərdən əldə olunacaq vəsait hesabına ödəniləcəyinə zəmanət vermişdi. Amma Azərbaycan QHT və eko-fəallarının aksiyası bütün bu məsələləri yarımçıq kəsdi, Vardanyan vəzifədən uzaqlaşdırıldı və hazırda verdiyi pulu geri istəyir. O, qondarma prezidentə xərclədiyi vəsaiti almayınca, ondan əl çəkməyəcəyi barədə xəbərdarlıq edib. Araikin isə bu vəsaiti hazırda qaytarmaq imkanı yoxdur. Böyük ehtimalla Ruben Vardanyan Qarabağda xərclədiyi pulların geri qaytarılması üçün beynəlxalq məhkəməyə müraciət edəcək. Onun artıq bu istiqamətdə vəkilləri ilə danışıqlar aparması da gələn xəbərlər içindədir”.

Əlimusa İbrahimov deyib ki, yaxın günlərdə Xankəndində Araik Arutyunyanla Ruben Vardanyan arasında şəxsi zəmində böyük bir münaqişənin baş verməsi haqqında məlumatların şahidi olacağıq.

Ayşən Mustafa

Globalinfo.az