1591594257 neft dollar manat 1709108653 full

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun fevralın 5-də mətbuata verdiyi açıqlama iqtisadi müzakirələrə səbəb olub. O bildirib ki, neftin qiymətinin hətta 55 dollar səviyyəsində olması Azərbaycanın ödəmələr balansının cari hesabında profisitin formalaşması üçün kifayətdir. Lakin bu fikir iqtisadçılar tərəfindən birmənalı qarşılamayıb.

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, burada iki əsas məqama diqqət yetirmək lazımdır:

“Birinci məsələ odur ki, neftin 55 dollar səviyyəsində olması yetərli deyil. Nəzərə alsaq ki, neft hasilatı azalır, eyni zamanda ərzaq məhsulları da daxil olmaqla zəruri malların idxalı ildən-ilə artır, bu vəziyyət əlavə risklər yaradır. Faktiki olaraq istehlak artır və ya ən azı gömrük sənədlərində idxal həcmləri genişlənir. Neftin qiyməti 55 dollar olacağı təqdirdə, ölkənin neft gəlirləri təxminən 7-8 milyard dollar təşkil edə bilər ki, bu da idxal olunan zəruri məhsulların dəyərinin belə yarısını ödəmir. Bununla yanaşı, qaz ixracından, neft məhsullarından, qızıl və kənd təsərrüfatı məhsullarından müəyyən gəlirlər mövcuddur. Lakin bu gəlirlər cəmləndikdə belə, müsbət ticarət saldosunun ildən-ilə azaldığı müşahidə olunur. Keçən illə ondan əvvəlki il arasında ciddi fərq yaranıb və bu il saldonun mənfiyə keçməsi riski var. Bu isə birbaşa neftin qiymətindən asılı olacaq. Hesab edirəm ki, 55 dollar bu baxımdan davamlı deyil”.

elcin 1 1 1

Elçin Rəşidov

İqtisadçının sözlərinə görə, ikinci mühüm məqam odur ki, məsələni yalnız ödəmələr balansı ilə məhdudlaşdırmaq olmaz:

“İxrac olunan malların, xüsusilə neft və qazın maya dəyəri mövcuddur. Bu dəyərə istehsal xərcləri, xarici operatorlara və neft hasilatında iştirak edən şirkətlərə ödənilən vəsaitlər daxildir. Neftin qiyməti azaldıqca, gəlirlərin bölüşdürülməsi mexanizminə uyğun olaraq Azərbaycanın xalis mənfəəti də əhəmiyyətli dərəcədə azalır. Maya dəyəri və digər ödənişlər çıxıldıqdan sonra ölkəyə qalan gəlir çox məhdud olur. Bu da Azərbaycan iqtisadiyyatını təkcə ödəmələr balansı deyil, ümumi maliyyə dayanıqlığı baxımından da çətin vəziyyətə salır. AMB-nin hesabladığı 55 dollar səviyyəsi zərərsizlik həddi kimi təqdim olunsa da, hesab edirəm ki, bu göstərici ödəmələr balansını müsbətdə saxlamaq üçün kifayət deyil və nisbətən optimist yanaşmadır. Bu həddin ən azı 5 dollar daha yüksək, yəni 60 dollar səviyyəsində olması zəruridir. Lakin hətta 60 dollar belə profisiti qorumaq üçün yetərli olmaya bilər. Söhbət neftin il üzrə orta qiymətindən gedir və qiymətlərin dalğalanması bu riski daha da artırır”.

Ekspert bildirib ki, azalan neft hasilatı və qeyri-neft sektorunun kifayət qədər artmaması fonunda vəziyyət kritik olaraq qalır:

“Neftin qiymətinin sürətlə artması hazırkı mərhələdə real ssenari kimi görünmür. Digər alternativ isə struktur islahatlarının həyata keçirilməsidir. Təəssüf ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Burada məsuliyyət İqtisadiyyat Nazirliyi, AMB, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyi də daxil olmaqla aidiyyəti qurumların üzərinə düşür. İqtisadi artımı zəiflədən deyil, Ümumi daxili məhsulu (ÜDM) artıran və davamlı inkişafı təmin edən islahatların həyata keçirilməsi vacibdir. Bu baxımdan görüləsi işlərin həcmi olduqca genişdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: