Bu il Davosda keçirilən Dünya İqtisadi Forumu xüsusi diqqət çəkdi. Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər və əldə olunan razılaşmalar ölkə ilə yanaşı, beynəlxalq gündəmdə də maraqla qarşılandı.
Yanvarın 22-də ABŞ Prezidenti Donald Trampla baş tutan görüşdə əldə olunan razılaşmalar və aparılan diplomatik təmaslar yalnız iki ölkə arasındakı strateji tərəfdaşlığı möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda Azərbaycanın regiondakı rolunu və beynəlxalq prestijini artırmaq baxımından önəmli addım sayılır. Analitiklər hesab edir ki, Davosda qurulan əlaqələr ölkəmizin geopolitik, regional və iqtisadi gündəliyində yeni yol xəritəsi yaratmağa xidmət edə bilər.
Davosda böyük gücləri təmsil edən biznes və dövlət adamları ilə görüşlər Azərbaycan üçün yeni nə vəd edir? Ölkəmizin geopolitik, regional və hətta daxili siyasətində nə kimi kardinal dəyişikliklərə şahid ola biləcəyik?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər çoxşaxəli və genişmiqyaslı idi:
“Bu, eyni zamanda çox mühüm siyasi hadisələrin fonunda baş verdi. Azərbaycanın Sülh Şurasına üzv olması və Yaxın Şərqlə bağlı proseslərdə daha geniş iştirak imkanları ölkəmizə yeni uğurlar qazandırır. Bu tip görüşlər hər il keçirilir. Cənab Prezident Davos Forumu və Münhen Təhlükəsizlik Konfransında iştirak edir. Belə görüşlərdə aparılan təmaslar ölkəmizin gücünə güc qatır, beynəlxalq mövqeyini möhkəmləndirir və Azərbaycanla bağlı müsbət təəssüratların yaranmasına səbəb olur.

İlyas Hüseynov
Şübhəsiz ki, iqtisadi zəmində keçirilən görüşlərdə Azərbaycana sərmayə yatırılması və investisiya cəlbi məsələsi konkret müzakirə olunur. Artıq Zəngəzur dəhlizinin istifadəsi, dəmir yolu və dəniz tranziti sahəsində ixtisaslaşmış şirkətlərlə danışıqlar aparılıb.
Bu kontekstdə keçirilən görüşlərin nəticəsi yaxın gələcəkdə aydın görünəcək. Məsələn, konkret biznes layihələri həyata keçirilə bilər. Hansısa kardinal dəyişiklik olacağını düşünmürəm, amma görüşlərin iqtisadi mühitə təsiri gözləniləndir”.
Turan Rzayev
Globalinfo.az