“Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər təkcə protokol xarakteri daşımır, daha çox regional və qlobal miqyasda formalaşan yeni güc balanslarının real oxunuşu kimi çıxış edir”.
Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.
Politoloq bildirib ki, dövlət başçısının “Euronews” telekanalına verdiyi müsahibədə səsləndirdiyi tezislər Azərbaycanın artıq passiv müşahidəçi yox, proseslərin istiqamətini müəyyən edən aktor olduğunu açıq şəkildə göstərir:
“Əliyevin çıxışlarında əsas xətt ondan ibarətdir ki, Cənubi Qafqazda sabitlik və inkişaf yalnız təhlükəsizlik deyil, eyni zamanda iqtisadi qarşılıqlı asılılıq üzərində qurulmalıdır. Bu yanaşma Azərbaycanın regional layihələri siyasi ritorikadan çıxarıb konkret iqtisadi məzmunla doldurmaq niyyətini ortaya qoyur. Davos platformasında qurulan təmaslar da məhz bu strategiyanın beynəlxalq legitimlik qazanmasına xidmət edir.

Züriyə Qarayeva
Builki Davos görüşlərinin xüsusi çəkisi isə Zəngəzur dəhlizinin açılması ərəfəsində regional konfiqurasiyanın dəyişməsi ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev bu platformadan istifadə edərək tərəfdaşlara təkcə bir nəqliyyat xəttini deyil, bütövlükdə yeni bir kommunikasiya və əməkdaşlıq modelini təqdim edir. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan Şərq və Qərb arasında sadəcə tranzit ölkə rolunu oynamır, həmçinin dəyər yaradan və prosesləri idarə edən mərkəzə çevrilir. Davosda aparılan danışıqlar və verilən açıqlamalar göstərir ki, Bakı yaxın gələcək üçün bölgənin yol xəritəsini artıq formalaşdırıb və bu xəritə üzərində irəliləmək üçün siyasi iradə ilə yanaşı, geniş beynəlxalq razılaşmalar da təmin edilir.
İlham Əliyevin builki Davos fəaliyyəti Azərbaycanın uzunmüddətli geoiqtisadi yüksəlişinin praktik mərhələyə keçdiyini göstərən mühüm nümunə kimi qiymətləndirilə bilər”.
Turan Rzayev
Globalinfo.az