Xəbər verdiyimiz kimi, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi və humanitar sahələr üzrə müavini Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə təqdim edib. İddialara görə, o, çalışdığı qurum tərəfindən buna məcbur edilib. Səbəb kimi isə həyat yoldaşı Habil Eyvazovun “TikTok” platformasında qeyri-etik ifadələr işlətməsi irəli sürülüb.
İcra başçısının müavinin buna görə işdən ayrılması və ya məcbur edilməsi hüquqi baxımdan düzgündürmü? O, ərinin davranışına görə məsuliyyət daşıyırmı?
Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, belə bir addımın hüquqi əsası yoxdur:
“Bizdə məsuliyyət fərdi xarakter daşıyır. Cinayət və digər hüquqi məsuliyyət yalnız həmin hərəkəti edən şəxsi əhatə edir. Yəni bir insanın hərəkətinə görə başqa bir şəxs – yaxın qohumu, dostu və ya əməkdaşı məsuliyyət daşımır. Burada hüquqi əsas mövcud deyil”.
Rəsul Cəfərov
Vəkil bildirib ki, məsələ yalnız etik prinsiplərlə bağlı ola bilər:
“Xüsusilə seçkili orqanlar və təyinatlı dövlət vəzifələrində çalışan biri öz qərarı ilə deyə bilər ki, yaxınlarının davranışları onun etik prinsiplərinə uyğun deyil və buna görə tutduğu vəzifədən azad olunur. Lakin bu, könüllü qərardır və ona qarşı hər hansı hüquqi tədbir tətbiq edilə bilməz”.
Qeyd edək ki, Habil Eyvazov içkili vəziyyətdə canlı yayım açaraq din və namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlü ifadələrdən istifadə edib. Füzuli Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Gülbahar Eyvazovanın ərizəsinə baxılacaq.
Zaira Akifqızı
Globalinfo.az