ABŞ Prezidenti Donald Trampın tarif tətbiqi ilə bağlı səsləndirdiyi təhdidlərə baxmayaraq, Estoniya Qrenlandiyada keçiriləcək NATO təlimlərində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur “ERR”ə verdiyi müsahibədə bildirib. O qeyd edib ki, Tallinin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır:
“Bu mövzuda mövqeyimiz dəyişməyib. Biz NATO təlimlərində iştirak etməyə hazırıq və hesab edirəm ki, hərbi təlimləri iqtisadi məsələlərlə əlaqələndirmək tamamilə məntiqsizdir,” — deyə Pevkur vurğulayıb.
Nazir əlavə edib ki, Estoniya Trampın mümkün tarif qərarlarından çəkinmir və Qrenlandiyada keçiriləcək təlimlərə ən azı bir hərbi qulluqçu göndərməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Maqnus Tsaxna da ölkəsinin Qrenlandiyaya hərbi kontingent göndərməyə hazır olduğunu bəyan etmişdi.
Tahir Turan
Globalinfo.az