Ermənistanda dünən saxlanılan general Qriqori Xaçaturovun bu gün Antikorrupsiya Məhkəməsinə çıxarılacağı bildirilib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb.
Bununla belə Xaçaturovun məhz bundan sonra həbs ediləcəyi gözlənilir.
Yaşananlar fonunda isə Ermənistan hakimiyyətinə müxalifətdən tənqidlər pik həddə çatıb. Belə ki, müxalifət Paşinyanı “Ermənistanda ordu olmasın” əməliyyatı keçirdiyini bildirib. Şərəf Duyuram Fraksiyasından olan deputat Tiqran Abramyan isə Xaçaturovların əbəs yerə hədəf halına gətirilmədiyini bildirib:
“Xaçaturovlar 2018-ci il hadisələrindən sonra ölkədə baş verən özbaşınalıq, dövlətin və ordunun məhvi ilə bağlı dəqiq mövqeyə malik idilər və onlar bunun haqqında ictimai formada danışırdılar. Hakimiyyət, əlbəttə, hadisələrin öz adı ilə çağırılmasına dözə bilmədi və belə əxlaqsız yolu seçdi”.
Bununla belə, diqqət çəkən məqam Xaçaturovun həbsi ilə Ermənistanda son bir ayda ordu nümayəndələrinə qarşı aparılan əməliyyatların genişlənməsidir. Belə ki, Xaçaturovdan öncə Paşinyan administrasiyası keçmiş müdafiə naziri Seyran Ohanyana cinayət işi açıb, onun həmkarı Vigen Sərkisyan isə axtarışa verilib.
Ehtimal edilir ki, Paşinyan xüsusilə Bakı ilə aktiv danışıqlar fonunda Moskvadan həmlə gələcəyini, ona görə də Azərbaycanla yekun razılığa gəlmədən öncə bu həmləni icra edəcək simaları sıradan çıxarmağı hədəfləyir.
İlkin Həsənov
Globalinfo.az














