ehali dunya

Türkiyədə mühüm hüquqi addım gündəmdədir. Belə ki, İstanbul 14-cü Asliye Hüquq Məhkəməsi evlilikdən sonra qadının avtomatik olaraq kişinin ailə qeydiyyatına keçirilməsini gender bərabərliyinə zidd sayıb və məsələni Konstitusiya Məhkəməsinə çıxarıb. Dəyişiklik qəbul olunarsa, qadınlar evləndikdən sonra istəsələr öz ailə qeydiyyatlarında qala biləcəklər.

Azərbaycan qanunvericiliyində bu proses necə tənzimlənir?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Ailə Məcəlləsinə əsasən, evlilik hüquqi baxımdan iki bərabər subyekt arasında könüllü ittifaqdır:

“Ailə tərəflərdən birinin digərinin hüquqi şəxsiyyətinə tabe edilməsi anlamına gəlmir. Bu prinsip soyad, yaşayış yeri və ailə qeydiyyatı məsələlərində açıq şəkildə özünü göstərir. Türkiyə hüququndan fərqli olaraq, Azərbaycan qanunvericiliyində evliliklə bağlı “ailə qeydiyyatına avtomatik keçid” mexanizmi mövcud deyil. Ölkəmizdə hər bir vətəndaşın yaşayış yeri üzrə ayrıca qeydiyyatı var və bu, nikahın bağlanması ilə avtomatik dəyişmir. Evlilikdən sonra qadın avtomatik olaraq kişinin yaşayış yeri üzrə qeydiyyatına keçirilmir. Qeydiyyat ünvanının dəyişdirilməsi yalnız qadının şəxsi ərizəsi və iradəsi əsasında mümkündür. Qadın və kişinin müxtəlif ünvanlarda qeydiyyatda qalması nikahın hüquqi qüvvəsinə təsir göstərmir. Bu yanaşma nikahın hüquqi identikliyin itirilməsi olmadığını təsdiqləyir. Qadın evlilikdən sonra da müstəqil hüquqi şəxs kimi öz qeydiyyatını, hüquq və öhdəliklərini saxlayır”.

ellada

Ellada Bayramova

Hüquqşünas bildirib ki, Azərbaycan hüququ ailə münasibətlərində gender bərabərliyi prinsipinə uyğun model təqdim edir:

“Qadının hüquqi statusu nə soyad, nə də qeydiyyat baxımından avtomatik dəyişiklik obyektinə çevrilmir və ailə daxilində ikinci dərəcəli mövqedə nəzərdə tutulmur. Bu baxımdan, Türkiyədə müzakirə olunan qadının evliliklə avtomatik olaraq kişinin ailə qeydiyyatına keçirilməsi problemi Azərbaycan hüququnda sistemli məsələ kimi mövcud deyil. Qanunvericilik bu sahəni uzun müddətdir seçim azadlığı və hüquqi iradə prinsipi əsasında tənzimləyir. Türkiyədə Konstitusiya Məhkəməsinin gündəminə çıxarılan bu məsələ region üçün mühüm presedent yarada bilər. Lakin müqayisəli hüquqi təhlilə görə, Azərbaycan ailə hüququ sahəsində qadının hüquqi identikliyini daha müstəqil, balanslı və insan hüquqlarına əsaslanan model çərçivəsində qoruyur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: