Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən yazıçı və şairlərin siyahısına 6 il əvvəl vəfat etmiş şəxsin adını da salıb.
Globalinfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, 58 nəfərlik siyahıda mərhum şair Amil Aveyin də adı var.
O, 2020-ci il noyabrın 23-də yaşadığı Almaniyada vəfat edib.
AYB-nin siyahısında Amil Avey də borcli kimi göstərilib.
Xatırladaq ki, Amil Avey (Amil Yusif oğlu Məmmədov) 1953-cü il yanvarın 28-də də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam bölməsini bitirən Amil Aveyin imzası 1990-cı illərin əvvəllərindən “Müxalifət” qəzetində dərc olunan məqalələri ilə məhşurlaşmışdı.
O, 2009-cu ildə AYB-yə üzv seçilmişdi.
Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdı. Daha çox folklor üslubunda yazan şairin əsərləri “Gor andı” (2011), “Üzü Allaha tərəf” (2017) kitablarında toplanıb.
Şair əsərlərini “Amil Avey”, “Amil Avoğlu” imzaları ilə nəşr etdirib.
Bundan başqa, Globalinfo.az-ın məlumatına görə, yazıçı, publisist Azad Qaradərəli Yazıçılar Birliyinin dərc etdiyi siyahıda öz adına da rast gəldiyini, lakin birliyin üzvü olmadığını qeyd edib.
Bu barədə o, sosial media hesabında paylaşım edib:
“İndi bir şey oxudum, ayağımın altından yer qaçdı: AYB üzvülük haqqını verməyən üzvlərin siyahısını dərc edib və orada Vəliyev Azad Vəli oğlu adda adam var. Əgər bu mənəmsə, mən oranın üzvü deyiləm və olmamısam. Yox, məndən başqa bu adda yazıçı varsa, Allah xeyir versin.
Xatirlatma: mən düz 38 il əvvəl Azad Vəliyev imzası ilə yazmışam, sonradan bütün əsərlərim və kitablarım Azad Qaradərəli imzası ilə cap olunub”, – paylaşımda deyilir.