Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə özünü feysbuk hesabında paylaşım edib:
“Mediada “Ekol TV” adlı televiziya kanalı və mənim adımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Əvvəllər də oxşar böhtan xarakterli iddialar və xəbərlər səsləndirilib. Reputasiyama xələl gətirmək məqsədi daşıyan bu ittihamları qətiyyətlə pisləyirəm”.
Qeyd edək ki, istintaqın bir müddət əvvəl fəaliyyətini dayandıran “Ekol TV”nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə dair olduğu bildirilir.
***09:46
Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu tərəfindən bağlanmış Ekol TV-yə qarşı pul yuma iddiaları ilə bağlı istintaq başlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İstintaq çərçivəsində iş adamı Mübariz Mənsimov, Veysel Şahin, bağlanmış Ekol TV-nin Baş Yayım Direktoru Emrah Doğru və vəkil Ersan Şen də iş üzrə daxil ediliblər.
Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilir ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.
Qeyd edək ki, təxminən iki ildir fəaliyyət göstərən Ekol TV son dövrlərdə yaşanan iqtisadi çətinlikləri əsas gətirərək yayım fəaliyyətini dayandırmaq qərarı vermişdi.
Safura Bənnayeva
Globalinfo.az