21:52
Prezident İlham Əliyev Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Ermənistan Baş naziri Nikol Paşinyanla Münhendə keçirilən plenar iclasla bağlı qısaca danışıb.
Globalinfo.az xəbər verir ki, Dövlət başçısı çoxlarının Paşinyandan “Kokeyşn Büro” barədə fikirlər gözlədiyini, ancaq bunun belə olmadığını bildirib.
“Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərdən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi.
Çünki bilirsiniz, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik.
Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.
Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə, onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, – əgər o mövqe varsa, – çatdırmalıdırlar”.