Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) fəaliyyəti növbəti dəfə tənqid olunub. Bu barədə sosial şəbəkədə paylaşım edən beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev qurumun həm mövcud qanunu pozduğunu, həm də korrupsiya hallarına yol verdiyini bildirib.
Sitat: “19 dekabr tarixində eyni gün sərəncam çıxarmaqla, Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən bir xeyli obyektin, o cümlədən mülkiyyətimdə olan obyektin (ofisin) də reklamını söküblər, amma sol tərəfdə yerləşən dönər salonun eyni tərzdə olan reklamını sökməyiblər. Bunlar özünü “dövlət içində dövlət” kimi aparırlar. Qanunsuzluqla bağlı Bakı İnzibati Məhkəməsinə ərizə göndərəcəm”.
Qanunvericiliyə görə, obyekt sahiblərinə reklamla bağlı verilən sərəncamın icrası üçün nə qədər vaxt nəzərdə tutulur? Bu müddət bitmədən sahibkarın cərimələnməsi və ya reklamın sökülməsi mümkündürmü?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, son günlərdə reklam daşıyıcıları ilə bağlı yeni standartların tətbiqi nəticəsində bir sıra obyekt sahiblərinin, o cümlədən vəkil ofislərinin reklam lövhələrini ADRA söküb:
“Reklam fəaliyyəti “Reklam haqqında” Qanun, Nazirlər Kabinetinin müvafiq qərarları və ADRA-nın normativ aktları ilə tənzimlənir. Bu sənədlər reklamın yerləşdirilməsi, standartlara uyğunluğu və qanunvericiliyə zidd reklamların aradan qaldırılması qaydasını müəyyən edir. Qanunvericiliyin əsas prinsiplərinə görə, reklamın tələblərə və ya yeni standartlara uyğun olmadığı müəyyən edildikdə, obyekt sahibi bu barədə rəsmi şəkildə məlumatlandırılmalı, sərəncamda icra müddəti göstərilməlidir. Bu müddət real, ağlabatan və texniki baxımdan icra oluna bilən olmalıdır. Qanunvericilik reklamın sərəncam verildiyi anda dərhal sökülməsini ümumi qayda kimi nəzərdə tutmur, çünki söküntü texniki prosesdir və vaxt tələb edir.
Ellada Bayramova
Əgər obyekt sahibinə icra üçün konkret müddət verilməyibsə və ya söküntünün dərhal həyata keçirilməsi mümkün deyilsə, hüquqi baxımdan sərəncamın verildiyi gün reklamın sökülməməsi özü-özlüyündə inzibati xəta hesab edilmir. Bu yanaşma hüquqi müəyyənlik və ədalətlilik prinsiplərinə uyğundur. Reklamın dərhal sökülməsi və ya cərimə tətbiqi yalnız istisna hallarda mümkün ola bilər. Müddət verilmədən tətbiq olunan inzibati tədbirlər hüquqi baxımdan mübahisəli sayılır”.
Hüquqşünas bildirib ki, vəkillər də digər təsərrüfat subyektləri kimi reklam yerləşdirmək hüququna malikdirlər:
“Lakin bu hüquq qanunla müəyyən edilmiş çərçivələr daxilində həyata keçirilməlidir. Eyni zamanda vəkilin reklam hüququ xəbərdarlıq edilmədən və əsaslandırılmamış şəkildə məhdudlaşdırıla bilməz. Yeni standartlar tətbiq edilərkən keçid dövrünün və uyğunlaşma imkanının verilməsi hüquqi baxımdan əsaslı hesab olunur.
Nəticə etibarilə, reklamın qanunsuz hesab edilməsi onun dərhal və müddətsiz sökülməsi demək deyil. Obyekt sahibinə icra üçün real müddət tanınmalı, bu müddət verilmədən reklamın sökülməsi yaxud cərimə tətbiqi proporsionallıq və hüquqi müəyyənlik prinsipləri baxımından mübahisəli ola bilər. Bu yanaşma həm dövlətin tənzimləyici funksiyasını, həm də sahibkarların və vəkillərin qanuni maraqlarını balanslaşdıran neytral hüquqi mövqeni əks etdirir”.
Ləman İmran
Globalinfo.az