rza iran

Münxen Təhlükəsizlik Konfransı gedişində növbəti diqqətçəkən hadisə baş verib. Belə ki, konfransda iştirak edən İranın devrilmiş şahının oğlu Rza Pəhləviyə söz verilib.

Son zamanlar tez-tez gündəmə gələn Rza Pəhləvi İrandakı teokratik rejim üçün günü-gündən ciddi təhdid halını almağa başlayıb. Qərbin Rza Pəhləviyə bu qədər diqqət ayırması, mediada görünməsinə şərait yaratması bir sualı aktuallaşdırır.

Qərb İran rejimini Pəhləvilərlə şantaj edir, yoxsa bu sülalə yenidən İranda iqtidara gətirilir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Rza Pəhləvi sadəcə piondur:

“Qərb Rza Pəhləvidən sadəcə istifadə edir. Daha doğrusu, onun soyadından. Prinsip etibarilə Pəhləvilərin İran tarixində elə də ciddi bir çəkisi yoxdur.

Rza Pəhləvinin atası da, babası da ciddi insanlar olmayıb. Bəli, bu ailənin iki üzvü İran taxtına əyləşib, ancaq əfşarlar və qacarlar ilə müqayisədə bu ailənin İran taxtına iddiası elə də güclü deyil.

Pəhləvilər Qacar şahlarının atlarına baxan bəsit xidmətçilər olub. Qacarların son zamanlarında siyasi boşluqdan istifadə edərək müəyyən güc əldə etsələr də İran taxtına oturmaları Qərbin dəstəyi ilə olub.

Qabil Huseynli

Qabil Hüseynli

Qərb bu gün Rza Pəhləvi kartından İrana qarşı istifadə etmək istəsə də yaxşı başa düşür ki, onun İranda yenidən hakimiyyəti ələ almaq kimi bir şansı yoxdur. Ümumiyyətlə son 200 il ərzində heç bir ölkədə monarxların və ya ailə üzvlərinin sürgündən qayıdıb taxtlarına yenidən sahiblənməsi kimi hadisə olmayıb. Digər tərəfdən İranda xalq molla rejiminə nifrət etsə də şah rejiminə və pəhləvi ailəsinə də bir o qədər nifrət edirlər.

Rza Pəhləvinin atası İranda minlərlə insanın edamına qərar verən şəxsdir. İran xalqı belə bir şəxsin oğlunun hakimiyyətini qətiyyən qəbul etməz”.

Politoloqun sözlərinə görə, Rza Pəhləvinin Qərbin dəstəyi ilə aktivləşməsi İrandakı Azərbaycanlılar üçün müsbət heçnə vəd etmir:

“Hazırda İranda davam edən etiraz aksiyaları inqilab kontekstinə keçməyə çox yaxındır. Etnik azərbaycanlılar bu prosesdən yüksək muxtariyyət, ya da müstəqillik əldə edə bilərlər.
Qərbin və ABŞ-ın İranla münasibətlərinin gərgin olduğu bir zamanda bu fürsəti dəyərləndirmək lazımdır. Qərb əgər İranda molla rejimini Pəhləvilər ilə əvəzləyəcəksə bu soydaşlarımıza heç bir müsbət şey vəd etmir.

Nəzərə almaq lazımdır ki, Pəhləvilərin devrilməsi ilə nəticələnən İran inqilabında Cənubi Azərbaycan ən fəal iştirak edən bölgə olub. Pəhləvilər isə bunu unutmayıb”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: