ankara irevan

Türkiyənin Xalqların Bərabərliyi və Demokratiya (DEM) Partiyasından olan deputat Ömər Öcalanın parlamentdəki son çıxışı bu ölkənin erməni əhalisi və Ermənistan ictimaiyyətində maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, deputat Haliliye bölgəsində yerləşən erməni kilsəsinin təmiri və yenidən istifadəyə verilməsi üçün çağırış edib.

Öcalan kilsənin Osmanlı dövründən qalma nadir tarixi nümunələrdən olduğunu bildirib. Deputat ölkənin mədəniyyət və turizm nazirinə kilsənin bərpası üçün çağırış edib, bu məsələyə diqqətsiz yanaşıldığını, lakin nazirliyin cavabdehlik daşıdığını bildirib, həmçinin dövlət büdcəsindən bu istiqamətdə vəsait ayrılmalı olduğunu deyib.

Deputatın çağırışı xüsusilə Ermənistanda diqqət çəkib və təqdir edilib. Maraqlıdır ki, sözügedən kilsə ilə yanaşı, Türkiyədəki digər erməni kilsələrinin də bərpası və yenidən istifadəyə verilməsi Ermənistan ictimaiyyəti, Türkiyə erməniləri və bu ölkənin müxalifətinin son zamanlar xüsusi diqqətindədir.

Son olaraq təklifin məhz qalmaqallı müxalif deputat Ömər Öcalan tərəfindən səsləndirilməsi isə ayrıca maraq doğurur. Belə ki, Ömər Öcalan Türkiyənin 40 ildən çoxdur mübarizə apardığı PKK terror qruplaşmasının qurucu lideri, 20 ildir həbsdə olan Abdullah Öcalanın qardaşı oğludur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: