neriman

Məşhur “Transfermarkt” saytı Azərbaycan çempionatında çıxış edən bəzi futbolçuların transfer dəyərlərini yeniləyib. Siyahıda “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin də adı yer alıb. Portal futbolçunun transfer dəyərini 2,5 milyon avro olaraq göstərib. Bundan əvvəl onun bazar dəyəri 2 milyon avro idi. Beləliklə, futbolçunun transfer qiymətində 500 min avroluq artım qeydə alınıb.

Digər tərəfdən, “Qarabağ“ın “Ayaks”la oyununda məğlubiyyətin səbəbkarı kimi Nəriman Axundzadə göstərilmiş və buna görə ciddi tənqidlərə səbəb olmuşdu. Ona görə də açıqlanan bu rəqəmlər ictimaiyyətdə, xüsusilə də azarkeşlər arasında təəccüb doğurub.

Transfer dəyəri hansı meyarlar əsasında müəyyənləşdirilir? Nəriman Axundzadənin transfer qiymətinin artmasının əsas səbəbləri nədir?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, transfer qiymətləri konkret meyarlar əsasında müəyyənləşdirilir:

“Transfermarkt” portalının qiymətləndirmələri bəzən birmənalı qarşılanmır. Bəzi futbolçular həddindən artıq baha, bəziləri isə olduqca ucuz göstərilir. Bu, futbol bazarının ümumi reallığıdır. Bir futbolçunun transfer dəyəri müəyyənləşdirilərkən əsas meyarlardan biri onun statistik göstəriciləridir. Meydandakı rolu, oyuna təsiri, hərəkətliliyi və faydalılığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan azarkeşləri Nərimandan demək olar ki, hər oyunda qol gözləyir və bu, futbolçu üzərində ciddi psixoloji təzyiq yaradır. Nəzərə almaq lazımdır ki, o, hələ Avropa səviyyəsində formalaşmış futbolçu deyil. Buna baxmayaraq, Azərbaycan çempionatı səviyyəsində Nəriman kifayət qədər keyfiyyətli oyunçu sayılır və statistik göstəriciləri də bunu təsdiqləyir. Həm qollar vurur, həm də məhsuldar ötürmələrlə yadda qalır. Məhz bu göstəricilər peşəkar analitiklərin diqqətini cəlb edir və transfer dəyəri də bu əsasda formalaşır”.

natiq

Natiq Muxtarlı

Jurnalistin sözlərinə görə, digər mühüm məqam Nəriman Axundzadənin yaşıdır:

“Onun cəmi 21 yaşı var və gənc futbolçu statusu bazar dəyərinə birbaşa təsir göstərir. Bundan əlavə, bir neçə klubun ona maraq göstərməsi də “Transfermarkt” kimi platformaların diqqətindən kənarda qalmır. İki milyon yarım avro Azərbaycan futbolu üçün böyük məbləğ sayılsa da, Avropa bazarı üçün yüksək rəqəm deyil. Bu gün 16-17 yaşlı futbolçuların 70-80 milyon avro civarında qiymətləndirildiyi hallar mövcuddur. Hətta Avropanın aparıcı beşlik liqalarına daxil olmayan klubların, məsələn, “Ayntraxt”, “Nottingem Forest”, “Brentford” və “Brayton” kimi komandaların gənc futbolçularının transfer dəyəri on milyonlarla avro ilə ölçülür. Bu mənzərənin fonunda Nərimanın 2,5 milyon avroluq qiyməti tamamilə normaldır”.

N.Muxtarlının fikrincə, burada gülüş doğuran məqam Nərimanın qiyməti deyil, futbol bazarının həddindən artıq şişməsidir:

“Avropa futbol bazarında qiymətlər son illər kəskin şəkildə artıb. Artıq 250-300 min avroya, hətta 400 min avroya keyfiyyətli futbolçu tapmaq demək olar ki, mümkünsüzdür. Digər tərəfdən, biz tez-tez “Qarabağ” klubunu səviyyəli futbolçu transfer edə bilməməkdə qınayırıq. Halbuki Avropa bazarında orta səviyyəli futbolçunun qiyməti 25-30 milyon avrodan başlayır və bu məbləğ Azərbaycan klublarının imkanlarından kənardır. Üstəlik, belə futbolçuların Azərbaycana gəlmək istəyi də real görünmür. Unutmamalıyıq ki, Nərimanın qiyməti Azərbaycan tərəfindən deyil, Avropa bazarının reallıqları əsasında müəyyənləşdirilib.

Avropada futbolçu da bir məhsuldur və hazırda bu bazarda ucuz məhsul demək olar ki, yoxdur. Məhz buna görə də bir çox Avropa mütəxəssisləri futbolçu qiymətlərinin və maaşların həddindən artıq artmasından narahatdır, bəzi ölkələrdə hətta maaş limitlərinin tətbiqi müzakirə olunur. Bu proses böyük və kiçik klublar arasında ciddi təbəqələşmə yaradır, orta təbəqə isə tədricən yoxa çıxır. Bütün bu amilləri nəzərə aldıqda, Nərimanın 2,5 milyon avroluq transfer dəyəri tam əsaslı və normal hesab edilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: