Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdullayevin də Amnistiya aktının təsirinə düşməsi və azadlığa buraxılacağı ilə bağlı məlumatlar yayılıb.
Globalinfo.az bildirir ki, məhkumun vəkili Telman Abdıyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib.
O bildirib ki, Ata Abdullayevin Amnistiya aktına əsasən azadlığa buraxılması mümkün deyil:
“Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Ata Abdullayev ağır cinayət törətməkdə təqsirli bilinib. Onun ittiham olunduğu maddələr-182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) Amnistiya aktının təsiri altına düşmür”.
Vəkilin sözlərinə görə, Ata Abdullayev artıq cəzasının 2/3 hissəsini çəkib: “Mart ayında onun çəkilməmiş cəzasından şərti olaraq azad edilməsi üçün yerli məhkəməyə müraciət edəcəyik”.
***15:05
Sosial şəbəkələrdə qalmqalallı bloger Ata Abdullayevin də amnistiyaya düşdüyü barədə məlumat yayılıb. Hətta onun artıq azadlığa çıxıdığı da iddia olunub.
Globalinfo.az-ın xəbərinə görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib ki, Ata Abdullayevin amnistiyaya düşməsi gözlənilir.
Onun sözlərinə görə, A.Abdullayevin məhkum olunduğu maddə amnistiya aktının şərtlərinə uyğundur.
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ata Abdullayev 2021-ci ilin martında həbs edilib.
Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub.