693ee2753788c693ee2753788d1765728885693ee2753788a693ee2753788b

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Berlində sülh planını müzakirə edib. Uitkoff beş saata yaxın davam edən görüşdə müsbət nəticələr əldə olunduğunu bildirib.

Ağ Ev rəsmisi sülh planı ilə yanaşı iqtisadi proqramlar və digər məsələlərin də müzakirə edildiyini açıqlayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, ABŞ-ın Rusiyaya təqdim etdiyi sülh planına diqqətlə baxmaq lazımdır:

“Orada Ukrayna üçün xoş olmayan bir çox bəndlər yer alırdı. Bu da Kiyev üçün bir növ açıq təslimiyyət demək idi. Ukrayna ABŞ-nın onu tam dəstəkləməyəcəyindən və danışıqlarda ərazilərini güzəştə getməyə vadar edəcəyindən narahat olduğu üçün öz gücünü isbatlamaq məqsədilə strateji hücumlar təşkil etdi. Burada qısamüddətli üstünlüyə malik olsa da, Avropa İttifaqının (Aİ) dəstəyini də istisna etmək olmaz.

Xarkov ətrafındakı son döyüşlərin mahiyyəti aydındır. Vəziyyəti anlamaq üçün bu bölgənin Moskva ətrafı əraziləri hədəf almaq baxımından ən strateji nöqtələrdən biri olduğuna diqqət etmək kifayətdir. Məsələn, Xarkovdan Moskvaya qədər hava məsafəsi təxminən 780 kilometr təşkil edir, bu da orta və uzaqmənzilli raketlər, eləcə də dronlar vasitəsilə hücum üçün əlverişli imkanlar yaradır”.

elnur enveroglu
Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, Zelenski sülh istəyir, lakin bunun uzunmüddətli olacağına ümid etmir:

Ukrayna hakimiyyəti ABŞ-ın müharibəni müəyyən müddət ərzində özünün, yəni Qərbin xeyrinə ən azı dondura biləcəyinin fərqindədir. Lakin belə bir qərar sonrakı müddətdə yenidən partlayışa səbəb olacaq. 2014 və 2022-ci illər arasındakı zaman kəsiyi buna açıq misaldır.

Zelenski göstərdi ki, Rusiyaya asanlıqla təslim olan lider deyil. Həmçinin Moskvanın bundan sonra arta biləcək iştahası qarşısında tutarlı cavab vermək əzmindədir. Danışıqlar isə öz yerindədir. Yəni qərbli müttəfiqlərin zəmanətli sülh vəd edə biləcəyi təqdirdə, Ukrayna hətta ABŞ-ın niyyətinə uyğun olaraq NATO-dan imtina etmək şərti ilə buna canla-başla razı olacaq.

Bu isə Kiyevin NATO çətiri altında olmadığı halda ya suverenliyindən imtina etməli, ya da gələcəyini tamamilə Qərbin ümidinə buraxmalı olduğunu göstərir. Hazırda Ukrayna baxımından ən sərfəli seçim təhlükəsizlik və uzunmüddətli sülh təminatının əldə edilməsidir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: