gen

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin bir qrup yüksək vəzifəli əməkdaşlarını həbs edib.

Globalinfo.az bildirir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı ölkəni tərk edib.

Onların Tahir Tahirli və Əvəz adlı gömrük işçiləri olduqları bildirilir. Həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir.

Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər.

Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.

***14:13

Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az bildirir ki, ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

***13:54

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

***13:17

Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.

Globalinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.

Bildirilib ki, o, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilk olaraq Gününsəsi.info məlumat yayıb.

F.Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Paylaş: